Azərbaycan və Gürcüstan DİN arasında əməkdaşlıq müzakirə edilib


Digərləri 15 Fev 2018 21:03:00 264 0

Azərbaycan və Gürcüstan DİN arasında əməkdaşlıq müzakirə edilib

Ramil Usubovun dəvəti ilə Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxaria ölkəmizə ikigünlük işgüzar səfərə gəlib.

Bakı. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxaria ölkəmizə ikigünlük işgüzar səfərə gəlib. Nazirlikdən Trend-ə verilən məlumata görə, R.Usubov gürcü həmkarı G.Qaxarianı qəbul edib. Səmimilik və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş zamanı nazirlər xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin hər iki ölkə rəhbərliyinin siyasi iradəsinə, müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq uğurla inkişaf etdiyini, belə görüşlərin əməkdaşlığın daha da dərinləşdirilməsinə töhfə verdiyini bildiriblər. Təmsil etdikləri ölkələrdə cinayətkarlıqla mübarizənin vəziyyəti və kriminogen durum barədə məlumat verən nazirlər onu da məmnunluqla vurğulayıblar ki, ictimai asayişin qorunmasının yüksək səviyyədə təşkili, daxili sabitlik və təhlükəsizliyin təmin olunması, bütün sahələrdə olduğu kimi, eyni zamanda hər iki respublikada turizmin inkişafına da öz müsbət təsirini göstərir. Nazirlər ötən illər ərzində Daxili İşlər nazirlikləri arasında imzalanmış sənədlərin, həmçinin “Azərbaycan Respublikasının və Gürcüstanın sərhəd bölgələri daxili işlər orqanlarının əməkdaşlığı haqqında” Sazişin icrasının xüsusilə sərhədyanı bölgələrin daxili işlər orqanları arasında sıx işbirliyinin və işgüzar mühitin formalaşmasına əlverişli şərait yaratmasından, bunun informasiya və təcrübə mübadiləsində özünü daha qabarıq şəkildə göstərməsindən, transmilli cinayətkarlığın bütün növləri ilə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində səmərəli əməkdaşlığın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etməsindən məmnunluqlarını bildiriblər.