ABŞ rusiyalı hərbçiləri niyə vurdu?


Digərləri 15 Fev 2018 14:03:00 313 0

ABŞ rusiyalı hərbçiləri niyə vurdu?

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın tərkibindəki təyyarələr və helikopterlər "Inherent Resolve" ("Sarsılmaz qətiyyət") əməliyyatı çərçivəsində Suriyanın Deyr əz Zor vilayətində Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən qüvvələri vurublar.

ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumata görə, zərbələr nəticəsində Bəşər Əsədi dəstəkləyən qüvvələrin 100 döyüşçüsü həlak olub.

ABŞ mediasında yer alan xəbərlərə görə, insidentin səbəbi Bəşər Əsədin qüvvələrinin Fərat çayının sol sahilindəki "Conoco" neft-qaz yatağını ələ keçirmək istəyidir.

Həmin əraziyə hazırda kürdlərin terrorçu PKK təşkilatının Suriyadakı bölmələri olan PYD, YPG və YPJ nəzarət edirlər.

ABŞ-ın Müdafiə Nazirliyi həmin terrorçu qruplaşmaları "Suriya Demokratik Qüvvələrinin (SDQ) tərkibindəki birləşmələr" adlandırırlar. Zərbələrin də məhz SDQ qərargahına hücumla bağlı olduğu vurğulanır.

"Koalisiya üzvü olan ölkələrin hərbçiləri müşavirlər, yardımçılar və müşayiətçilər qismində SDQ-dən olan tərəfdaşları ilə birlikdə Əfrat çayının sol sahilindən 8 km aralıda idilər. Koalisiya qüvvələri tərəfdaşlara qarşı aqressiyanın qarşısını almaq üçün zərbələr endiriblər", - Pentaqonun açıqlamasında deyilir.

Nə  baş verdi?

İnsident Deyr əz Zor vilayətindəki Şuşam şəhərinin yaxınlığında olub.

ABŞ Hərbi-Hava Qüvvələrinin general-leytenantı Ceffri Harriqyan Qətərdəki "Əl Üdeyd" aviabazasında keçirdiyi videokonfransda olayla bağlı açıqlama verib.

Onun sözlərinə görə, SDQ-nın mövqelərinə T-54 və T-72 tankları, habelə ağır artilleriya və minaatanlarla silahlanmış 500 hərbçi hücum ediblər.

"Fikrimizcə, Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən qüvvələr Deyr əz Zordakı önəmli neft yataqlarını ələ keçirməyə çalışırlar. Hücum edənlərə zərbələr endirilməzdən əvvəl, hücum zamanı və hücumdan sonra Rusiyadan olan həmkarlarımızla sürəkli əlaqələr saxlanılıb", - C.Harriqyan deyib.

Hazırda Suriyada 2 mindən artıq amerikalı hərbçi var. Onlar tərkibi ərəb və kürdlərdən ibarət SDQ-nin 50 minlik birləşmələrində "müşavir"dirlər.

ABŞ ilk dəfə Rusiya hərbçilərini vurdu

Huşamdakı hücum nəticəsində 500 nəfərin həlak olduğu vurğulanır. Həmin hərbçilərin hamısının istisnasız olaraq Suriya prezidenti Bəşər Əsədin qoşunlarının mənsubları olduqları vurğulanır.

Rəsmi versiyalar belədir.

Reallıq isə odur ki, Huşamda amerikalıların hücumu nəticəsində təqribən 200 rusiyalı hərbçi həlak olub. Onlar "Yevropa Polis" və "Vaqner" özəl hərbi şirkətlərinin döyüşçüləridir.

Həlak olmuş rusiyalıların tam əksəriyyəti Ukraynanın Luqansk və Donbas bölgələrindəki separatçı rejimlərin silahlı birləşmələrinin tərkibində vuruşublar.

Huşamdakı zərbələr nəticəsində "Vaqner"in "5-ci hücum dəstəsi" adlı bir briqadası tamamilə məhv edilib, ikinci briqada isə darmadağın olunub.