Bakıda 250 min dollara it satılır: “Biri villa ilə barter təklif etdi, lakin razılaşmadı...” FOTO


Digərləri 15 Fev 2018 12:35:00 305 0

Bakıda 250 min dollara it satılır: “Biri villa ilə barter təklif etdi, lakin razılaşmadı...”  FOTO

Afrika meymunundan tutmuş İran pişiyinə, qurbağadan tutmuş soxulcana, ekzotik tısbağaya qədər nə istəsən bu saytda tapmaq olar. Söhbət Azərbaycanın son vaxtlar sürətlə populyarlaşan, əvvəllər daha çox evdar qadınların işlənmiş ev əşyalarını satışa çıxarmaq üçün yararlandığı lalafo.az saytından gedir.

Son.az xəbər verir ki, virtualaz.org araşdırıb ki, saytın "heyvanlar" bölməsində yerləşdirilmiş elanlarda ən müxtəlif canlılar, o cümlədən ekzotik heyvanlar təklif olunur. Məsələn, saytda elan yerləşdirmiş şəxs 120-250 ədədi 5 manata Kaliforniya soxulcanı təklif edir. Elan sahibi inandırır ki, soxulcanlar torpağı münbitləşdirir və əlbətdə ki, balıq tutmaqda işə yarayır.

"Bu soxulcanlarla kənd təsərrüfati üçün dünyada ən keyfiyyətli ekoloji təmiz təbii gübrə - biohumus hazırlamaq olur. Soxulcanlar üzvi tullantılarla qidalanırlar . Kənd təsərrüfatında torpağın münbitləşdirilməsi üçün təbii vasitə kimi istifadə etmək olur. Balıq tutmaq üçün də yaxşı sağlam soxulcanlardır"-elan müəllifi bildirir.

Saytda ən çox it və pişik satışı elanlarına rast gəlmək olur. Qiymətlər isə əlbətdə, çox müxtəlifdir.  Qafqaz cinsinə aid olan it 600 manat, labrador balaları isə 500 manata təklif olunur. Saytda həmçinin təmiz sivas kangalı it cinslərinin  Türkiyədən sifarişi də təmin olunur. Bütün sənədləri ilə gətirilən heyvanların qiymətləri isə 1600 manatdan başlayır, 5000-10000-ə qədər davam edir.

Satışda qiyməti 2 min manat olan Amerika Akita it cinsi, 10 min manata satılan Qurdbasara da rast gəldik.

"Scottish fold" pisiyi 500 manat, "Şinşila" (İran pişiyi) isə 400 manata təklif olunur. Sahibinin sözlərinə görə, bu cins pişiklər sahibinə 3 ay ərzində öyrəşə bilir: "Pişik Türkiyədən gəlib. çox mehriban pişikdir. Cinsi "şinşila"dır  (iran pişiyi), 2 yaşı təzə olub. Bütün peyvəndləri olunub. Pasportu da var. Alan adamın adına keçirilir. Bu cins pişiklər 3 ay müddətində sahibinə öyrəşir. Üstündə öz əşyaları (tualet qabı, daşıyıcı səbəti, yemək qabı, dırnaq qayçısı, darağı, ipi, şapmunu) ilə birgə verilir. Evdə təzə doğulmuş uşaq olduğuna görə satıram".

Saytda donuz satan da tapdıq.  Məlum oldu ki,  çəkisi 28-32 kq arası olan 17 baş donuz 5 min 500 manata təklif olunur.  

Digər elanda isə  satıcı 15 manata satışa çıxardığı tısbağasını tərifləyir:"Quru tisbağasıdır, təmiz saxlayıram. Çimizdirirəm, dırnağına lak çəkirəm, evdə saxlayıram. Yemək almağa da ehtiyac yoxdur, nə olsa yeyir - xiyar, kahı, pomidor, kartof. Həm də çox yemir. Orta ölçüdədir - 15 sm. İnsanı dişləmir".

Saytda meymun satanlar da az deyil.  Qiymətlər isə 2500-3000 manat arasında dəyişir. Bundan başqa, meymunu günü 100 manata icarəyə verən də var.