Rezidenturaya sənəd qəbulu başlayır


Digərləri 15 Fev 2018 10:24:00 256 0

Rezidenturaya sənəd qəbulu başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul elan edir.

Mərkəzdən Son.az-a verilən məlumata əsasən, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2018-ci il fevralın 15-dən 22-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) "Şəxsi kabinet"indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizədin "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 2018-ci il fevralın 15-dən 22 dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur və təsdiq edir (etdirir).

Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycan Respublikasında baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2018-ci il aprelin 1-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2018-ci il iyulun 8-də keçiriləcəkdir.

Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsinə buraxılmış namizədlər tələb olunan məbləği "Şəxsi kabinet"lərinin hesabına əlavə edib 2018-ci il iyunun 4-dən 11-dək qeydiyyatdan keçməlidirlər. Hər iki mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.