Qazaxıstan XİN başçısı: "Xəzər sammiti ilin ikinci yarısında keçiriləcək"


Siyasət 15 Fev 2018 09:55:33 316 0

Qazaxıstan XİN başçısı: "Xəzər sammiti ilin ikinci yarısında keçiriləcək"

Kayrat Abdraxmanov: "Hazırda bütün tərəflərdən dövlətdaxili prosedurların tamamlanması gözlənilir"

Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti bu ilin ikinci yarısında keçiriləcək.

"Report" "Sputnik-Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan xarici işlər naziri Kayrat Abdraxmanov bildirib.

"Xəzəryanı dövlətlərin sammitinə gəlincə, söhbət Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbul edilməsindən gedir. Bu, Qazaxıstan, Azərbaycan, Rusiya, Türkmənistan və İran arasında beştərəfli sənəddir. Ötən ilin dekabr ayında Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclasında bu Konvensiyanın mətnini ilkin qaydada razılaşdırmışıq, indi texniki işlərdən söhbət gedir", - K.Abdraxmanov deyib.

Onun sözlərinə görə, hazırda bütün tərəflərdən dövlətdaxili prosedurların tamamlanması gözlənilir və bundan sonra sammitin keçiriləcəyi dəqiq tarix müəyyən ediləcək.

"Amma, çox güman, bu prosedurlar olduqca uzun zaman alacaq, bir neçə ay davam edəcək. Buna görə də yəqin ki, saamit bu ilin ikinci yarısında keçiriləcək", - nazir vurğulayıb.