"Sabahın alimləri" yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub FOTO


Digərləri 14 Fev 2018 23:30:00 280 0

"Sabahın alimləri" yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub  FOTO

Fevralın 14-də "Sabahın alimləri" yeddinci respublika müsabiqəsinin açılış mərasimi olub.

Son.az Trend-ə istinadən bildirir ki, müsabiqənin keçirilməsinin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən "Intel ISEF" - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Tədbirdə təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılmasında, onların yüksək standartlara uyğun tədqiqatçı-mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolundan danışıb. Vurğulanıb ki, təhsil sahəsində aparılan dövlət siyasəti ölkəmizə xidmət edəcək geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Təhsilalanların tədqiqat aparmaları, yeni informasiya texnologiyalarından istifadəsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb. Bu baxımdan təhsilin strateji hədəflərindən biri də "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq gənclərin potensialının inkişaf etdirilməsidir. Ölkəmizdə artıq yeddinci dəfədir ki, keçirilən "Sabahın alimləri" müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdəki problemlərə və onların həllinə yönəldir. Eyni zamanda, bu müsabiqə innovativ fikir yarışmasıdır və gəncləri yeni bilik, yaxud innovativ məhsulun yaradılmasına sövq edir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Dilqəm Tağıyev bildirib ki, bu müsabiqə ölkəmizin ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin elmi axtarışa sövq edilməsində böyük rol oynayır. Akademik diqqətə çatdırıb ki, AMEA ilə Təhsil Nazirliyi arasında əldə olunmuş razılığa əsasən, ali məktəblərdə yaradılmış "SABAH" qruplarında təhsil alan 200-dən çox tələbə akademiyanın elmi müəssisələrində təcrübə keçib.

Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli bildirib ki, ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması, gənc nəslin sağlam, mənəvi və sosial mühitdə böyüməsi, elm və təhsildə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək keyfiyyətli təhsillə təmin olunması dövlət təhsil siyasətinin başlıca prinsipləridir. O, son illər ölkəmizdə üç minədək yeni məktəb binasının inşa edildiyini və ya əsaslı təmir olunduğunu, bunun nəticəsində bir milyondan çox şagirdin təlim şəraitinin yaxşılaşdırıldığını deyib. Eyni zamanda, dövlətimiz tərəfindən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılmasına, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inklüziv təhsil proqramlarının tətbiqinə xüsusi diqqət yetirildiyini vurğulayıb. A.Kərimli diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramları ölkəmizdə beynəlxalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin yaradılmasına xidmət edir.

Vurğulanıb ki, müsabiqə məktəblilərin elmə marağının artırılmasına, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılmasına, innovasiyalara maraq göstərən geniş dünyagörüşlü, vətənpərvər gənc nəslin formalaşdırılmasına əvəzsiz töhfədir.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə "Sabahın alimləri" müsabiqəsinin innovativ fikir yarışması olduğunu vurğulayıb, gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu bildiriblər.