Azərbaycan və Böyük Britaniya mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib


Digərləri 14 Fev 2018 17:36:28 195 0

Azərbaycan və Böyük Britaniya mülki aviasiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib

Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi AZAL-da danışıqlar aparıb.

Bakı. Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Hava Yolları” (AZAL) QSC-də danışıqlar aparıb. "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər iki ölkənin siyasi və iqtisadi sahələrdə əməkdaşlığından məmnunluğunu bildiriblər. Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan möhkəm təmələ əsaslanan Azərbaycan mülki aviasiyası bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində öz dayanıqlı inkişafını davam etdirir. Böyük Britaniya şirkətləri ilə əməkdaşlıq 1999-cu ildən ümummilli lider Heydər Əliyevin göstərişi ilə Azərbaycana “Roll-Royce” şirkətinin mühərrikləri ilə təchiz olunmuş “Boeing 757” təyyarəsinin gətirilməsi ilə başlayıb. Hazırda AZAL və “Silk Way Airlines” aviaşirkətlərinin donanmasının bir hissəsi Böyük Britaniyanın dünya sənayesinin liderlərindən biri olan “Roll-Royce” şirkətinin mühərrikləri ilə təchiz olunub. Bu kimi irimiqyaslı layihələr Azərbaycanın mülki aviasiyasını Britaniya şirkətlərinin cəlb olunduğu ən iri sahələrindən birinə çevirib.