Jiru: "Chelsea" mənim üçün ideal klubdur"


İdman 14 Fev 2018 17:28:00 315 0

Jiru: "Chelsea" mənim üçün ideal klubdur"

"Chelsea"nin qışda "Arsenal"dan heyətinə cəlb etdiyi Olivye Jiru "West Bromwich Albion"la matçda yeni klubunda debüt oyununa çıxıb. "Zadəganlar" 3:0 hesablı qələbəsi ilə yadda qalan oyunda fransalı forvard aktivinə məhsuldar ötürmə yazdırıb. Goal.az xəbər verir ki, Jiru debüt oyunu ilə əlaqədar təəssüratlarını klub saytı ilə bölüşüb.

"Mənim üçün həyəcanlı anlar oldu. "Stamford Bridge" stadionunda debütü səbirsizliklə gözləyirdim. Düzdür, rəqibin butsu başıma dəydi və fasilədə ora bir neçə tikiş atmalı oldular. İndi hər şey qaydasındadır. Hər şeydən çox məni ayağıma arxadan vurulan zərbə narahat edirdi. Ümid edirəm, bu problemi tez bir zamanda geridə qoyaram. Bunlar oyunun bir hissəsidir. Belə zərbələrə öyrəşmişəm. Həkim də işinin öhdəsindən lazımınca gəlməyi bacardı.

Komandama görə şadam. Şübhəsiz, bizə 3 xal lazım idi ki, növbəti oyunlara daha arxayın çıxaq. "Chelsea" öz işini gördü. Qollar vurduq, qapının toxunulmazlığını saxladıq. İki uğursuz matçdan sonra oyunumuz normal idi. Özümü çox yaxşı hiss edirəm. Sonuncu dəfə 2 ay öncə start heyətində meydana çıxmışdım. Fiziki baxımdan hazır olmaq üçün gərgin çalışıram. Məşqçinin mənə taktiki tapşırıqlarını yerinə yetirməyə çalışıram. İstənilən halda, fiziki formama görə görüşü sona qədər oynaya bilmədim. Demək olar ki, axsayırdım. Fasilədə meydanda qalmaq istədiyimi dedim. Amma əzələmdəki ağrı məni narahat edirdi. Buna görə əvəzlənməli oldum".

Jiru komanda yoldaşları ilə münasibətindən də söz açıb.

"Meydanda qarşılıqlı anlaşmanı gücləndirməyə çalışırıq. İlk oyunum olduğundan hər şey ideal deyildi. Üzərimdə işləməliyəm. Eden Hazara nəhsuldar ötürmə verdiyimə görə şadam. Onunla anlaşmaq rahatdır. Hazard futbolla nəfəs alır. Eden, Vilyan, Pedro və "10 nömrəli futbolçu" kimi oynayan hər kəslə bir-birimizi yaxşı başa düşməyə çalışırıq. Vinqerlər mənə daha yaxın oynadığından özümü rahat hiss edirəm.

"Chelsea" mənim üçün ideal klubdur. Bu klub son 10 ildə ən çox Premyer Liqa çempionluğuna malikdir. Azarkeşlər formanı geyinən hər kəsdən tam güclə oynamağı istəyir. Adaptasiya üçün vaxtımız çox deyil. Amma hər şey qaydasındadır, uşaqlar mənə qarşı çox mehribandır. Oyundan -oyuna getmək istəyirik. Əvvəlcə, İngiltərə Kubokunda irəliləmək lazımdır. Daha sonra "Barcelona", "Manchester United" və "Manchester City" ilə səfər oyunlarımız var. Öz qüvvəmizə inanmalıyıq".