"Prezident Heydər Əliyev" tankeri istismara qaytarılıb


Digərləri 14 Fev 2018 15:57:00 289 0

"Prezident Heydər Əliyev" tankeri istismara qaytarılıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus "Prezident Heydər Əliyev" tankerinin təmiri başa çatıb.

QSC-dən Son.az-a verilən məlumata görə, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi təmizlənərək rənglənib. Yük anbarlarında və ballast çənlərində gövdə-qaynaq işləri görülüb. Boru işləri yerinə yetirilib.

Eyni zamanda, köməkçi mühərriklər təmir olunub, yeni nasoslar quraşdırılıb. Gəmidə elektrik avadanlıqları tamamilə sazlanıb.

Gəmi təmirçiləri xidməti və yaşayış otaqlarının da heyətin ürəyincə olması üçün əllərindən gələni əsirgəməyiblər.