Türkiyə klublarının transferlərində "agent izləri"


İdman 14 Fev 2018 13:40:00 320 0

Türkiyə klublarının transferlərində "agent izləri"

Son illər futbol agentlərinin transfer əməliyyatlarında qazancı, sözün əsl mənasında qan dondurur. Məsələn, məşhur italyan menecer Mino Rayola Lukakunun "Manchester United"ə transferinə görə 12 milyon, Poqbanın keçidinə görə isə 23 milyon funt mükafat qazanmışdı. "Qırmızı şeytanlar" Aleksis Sançezi heyətinə cəlb etmək üçün onun agentinə 10 milyon funt ödəmişdi. Belə misallar çoxdur. Goal.az xəbər verir ki, bu dəfə 2 İstanbul klubunun ötən yay etdiyi transferlər müzakirə mövzusuna çevrilib. Söhbət Neqredo və Belhandadan gedir.

Neqredonun "Beşiktaş"a transferi

İspaniyalı hücumçu 2017-ci ilin yayında icarədə oynadığı "Middlesbrough"dan "Valencia"ya geri döndü. 32 yaşlı forvard "yarasalar"la müqaviləsini yeniləmədi. Sonra baş verənləri agent sferasında əlaqələri olan jurnalist Atilla Türker araşdırıb. Onun sözlərinə görə yay transfer pəncərəsinin sonuna az qalmş azad agent statusu alan Neqredoya 3 İstanbul nəhəngi - "Beşiktaş", "Galatasaray" və "Fenerbahçe" maraq göstərməyə başlayıb. "Beşiktaş" daha cəld tərpənərək onun agentləri Xuanma Lopez və Xelu rodriqezlə görüşüb. Bu agent cütlüyü Alvaro Morata, Naço Fernandez, Alberto Botia və yüzlərlə futbolçunun maraqlarını təmsil edir. Tərəflər Neqredonun transferini razılaşdırandan sonra qəribə prosedurlar baş tutub. "Qara qartallar" nədənsə, azad agent olan hücumçuya görə "Valencia"nın hesabına 2.5 milyon avro köçürüb. Bir müddət sonra bu məbləğ klubun hesabından "yoxa çıxıb".

Qeyd etmək yerinə düşərdi ki, Neqredonun "Galatasaray"a transferinə həmin zaman baş məşqçi olan İqor Tudor mane olub. "Sarı qırmızılar"ın sabiq idman direktoru Cenk Ergün Xuanma Lopezlə ispan forvardın transferini razılaşdırıbmış. Ona 3.5 milyon avro illik məvacibin ödənilməsi də qərar alınıb. Amma Tudor Neqredonun əvəzinə Bafetimbi Qomisə üstünlük verib. "Fenerbahçe" isə hücum xəttini digər ispan qolyador Roberto Soldado ilə gücləndirib.

"Beşiktaş"ın 32 yaşlı Neqredoya ödədiyi məvacib isə 4.35 milyon avrodur. Müqavilə 2 il müddətinə nəzərdə tutulub.

Belhandanın transferi

Mərakeşli yarımmüdafiəçinin transfer hüquqları Kiyev "Dinamo"suna məxsus idi. 27 yaşlı havbekə 5 milyon avro qiymət qoyulmuşdu. Amma naməlum səbəblərdən "Galatasaray" futbolçunu 8 milyon avroya transfer etdi. Bəzi mənbələr sonradan 3 milyon avronun "Cim Bom"a geri qaytarıldığını iddia edir. Lakin bu məbləğ klubun büdcəsinə köçmədi, Belhandanın agentləri arasında bölüşdürüldü. "Galatasaray"ın sabiq meneceri Levent Nazifoğlu da bu məqama işarə edərək demişdi: "Mən klubda çalışanda Belhanda transfer etməyə çalışırdıq. 2016-cı ildə onu 5 milyona ala bilərdik. Bir il ərzində bu məbləğ 8-10 milyon avroya necə qalxdı, başa düşə bilmirəm. Bunu transferlə məşğul olan şəxslərdən soruşmaq lazımdır".

O da məlumdur ki, "Dinamo" mərakeşli futbolçunu "Nice" klubuna 4 milyona təklif edirmiş. Amma fransızlar bu variantı istisna edib.

Atilla Türkerin "Habertürk"də bu araşdırmasından sonra "Beşiktaş" rəsmi bəyanat verərək transferlər zamanı klubun öz maraqlarını nəzərə aldığını bildirib. Buna baxmayaraq rəhbərlik azad agent olan bir futbolçuya görə sabiq klubuna 2.5 milyon avro ödəməsinin səbəbini açıqlamayıb.