Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavininin məhkəməsi başlayıb


Sosial 14 Fev 2018 12:29:21 373 0

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavininin məhkəməsi başlayıb

Məhkəmənin növbəti iclası fevralın 21-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və həmyaşıdı Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə gərə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 21-nə təyin edilib.

Qeyd edək ki, M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə təşkilatın sədr müavinidir.

Hər iki təqsirləndirilən dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

Daha əvvəl mətbuatda veteranlar təşkilatın sədr və sədr müavinindən şikayətçi olduqları qeyd edilib.

Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Onların sözlərinə görə, Prezidentin tapşırığı ilə 2005-ci ilin mart ayında veteranların fərdi ev tikintisi üçün 10,35 ha torpaq sahəsi ayrılıb: "Bizim sosial vəziyyətimizin yaxşılaşdırılması istiqamətində müəyyən tapşırıqlar verilib. Ancaq birliyin sədri Məhəmməd Vəliyev bizim bu imtiyazlardan istifadə etməmizə mane olur. Biz başa düşə bilmirik ki, heç Əfqanıstan müharibə veteranı olmayan bir insan necə birliyin sədri ola bilər. Onlar özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satır. Əgər araşdırılsa, torpaq sahiblərinin heç müharibə veteranı olmadığı aydın görünər. Hətta birliyin Dilarə Əliyeva 251 ünvanında yerləşən ofisi də bu yaxınlarda satılıb”.

Şikayətçilər onu da qeyd edib ki, Əfqanıstan müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən ayrılmış limitlər və yardımlar da sədr tərəfindən mənimsənilib: "11 il ərzində heç bir hesabat müşavirəsi keçirilməyib. Birlik üçün il ərzində nə qədər yardım ayrıldığı da qeyri-müəyyəndir".

Onlar söyləyiblər ki, edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Zərərçəkmişlər 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər. İş araşdırılması üçün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində göndərilib.

Məlumata görə, birliyinin sədri M.Vəliyev Əfqanıstan müharibəsində göstərdiyi şücaətlərə görə “Za bayevoy zasluqi”, “Tərəqqi” medalı ilə təltif olunub.