Bakıda "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda konfrans keçirilir


İqtisadiyyat 14 Fev 2018 11:10:59 290 0

Bakıda "Regionların inkişafında sahibkarlığın rolu" mövzusunda konfrans keçirilir

Məmməd Musayev: "Azərbaycan sahibkarları adından prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bildirmək istəyirəm"

 2004-cü ildən indiyədək Azərbaycan iqtisadiyyatına ümumilikdə 231 mlrd. ABŞ dolları həcmində sərmayə yatırılıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda Bakıda keçirilən konfransda ASK-nin prezidenti Məmməd Musayev bildirib.

O qeyd edib ki, adambaşına düşən sərmayənin həcminə görə Azərbaycan hazırda dünya miqyasında aparıcı dövlətlər sırasındadır: “İnvestisiyaların 50%-dən çoxu xarici investorların payına düşür. Bu da hər şeydən əvvəl müstəqil Azərbaycan dövlətinin gələcəyinə olan inam və ümidin göstəricisidir”.

M.Musayev bildirib ki, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də sahibkarlığın inkişafı ilə bağlıdır: “Sahibkarlığa dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlər əldə edilib, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin formalaşması, iri şəhərlərlə yanaşı regionlarda da sahibkarlığın inkişafına münbit şərait yaradılıb”.

ASK başçısı qeyd edib ki, Azərbaycanda 2004-cü ildən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası regionlarda iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olub.

Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması nəticəsində ixracyönümlü, rəqabət qabiliyyətli və yüksək keyfiyyətli məhsulların istehsal edilməsi dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir. Bu sahədə reallaşdırılan dövlət siyasəti dövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılmasına, dövlət himayəsinin təkmilləşdirilməsinə, sahibkarlığa yaradılmış fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına yönəldilib.

Dünyanın ən aparıcı ölkələrinin ciddi maliyyə-iqtisadi problemlərlə üzləşməsi fonunda son 14 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən, ölkənin maliyyə ehtiyatları 23 dəfədən çox artıb, enerji təhlükəsizliyi təmin edilib, müasir tələblərə cavab verən infrastruktur yaradılıb, bütün şəhər və kəndlərin siması dəyişib, 2 mln.-a yaxın iş yerləri yaradılıb, ən yüksək standartlara cavab verən təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa olunub, maaşlar 5 dəfədən və pensiyalar 8 dəfədən çox artıb, yoxsulluq səviyyəsi 8 dəfə azalaraq 5%-ə endirilib”.

"Görülən işləri nəzərə alaraq çoxminlik Azərbaycan sahibkarları adından, cari ilin aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini yekdilliklə dəstəklədiyimizi bildirmək istəyirəm", - deyə M.Musayev qeyd edib.