Zorlamanın izi ilə: Günahkar kimdir?


Digərləri 13 Fev 2018 22:21:00 300 0

Zorlamanın izi ilə: Günahkar kimdir?

Dərsliklərdə insanın reproduktiv sağlamlığı ilə bağlı paraqrafların sayı artırılmalı, direktorlar isə pornoqrafiyadan qaçmaq üçün şagirdlərdən mobil telefonları toplamalıdır

Məktəbdə tədris prosesi çərçivəsindəki fənlər daxilində yeniyetmələrin cinsi tərbiyəsinə dair məlumatların genişləndirilməsinin zamanı çatıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib.

O, qeyd edib ki, bu gün insanın cinsi və fiziki tərbiyəsi mövzusu "Həyat bilgisi" və "Anatomiya" kimi fənlərdə açıqlansa da, mövzunun mənəvi və əxlaqi tərəflərinə toxunulmur. O da var ki, pedaqoqlar mentalitetn təsiri altında bu paraqrafları məktəblilərə tədris etməməyə çalışırlar.

Qeyd etmək lazımdır ki, cinsi tərbiyə ilə bağlı mövzu 132-134 saylı təhsil kompleksində şagirdlərin qeydə alınmış intim videosunun yayılmasından sonra aktuallaşmağa başlayıb. Sözügedən videoda 11-ci sinif şagirdi olan oğlanın 7-ci sinif şagirdi olan qıza qarşı seksual hərəkətləri yer alıb. Nəticədə bu video internetdə yayılıb və virus kimi istifadə edilib.

Bakı şəhər prokurorluğu faktla bağlı cinayət içi açıb və yeniyetmə oğlan AR Cinayət Məcəlləsinin 150.3 maddəsi (Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə: eyni əməllər təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) ilə saxlanılıb.

Eyni zamanda qızı məktəbdən çıxarıblar.

Əsədov hesab edir ki, məktəbli uşaqlara cinsi məsələlərin əxlaqi tərəfləri izah edilməlidir: "Bu gün məktəblərdə psixoloqlar, pedaqoqlar, tibb işçiləri işləyir. Bu, böyük kollektivdir. Hətta kitabxanaçı belə məktəblərdə uşaqların əxlaqi tərbiyəsinə dair kitabların oxu günlərini keçirməlidir. Amma bizdə bunların heç biri yoxdur. Nəticədə isə bu gün bizim məktəbdə gördüyümüz hadisə baş verir".

Onun sözlərinə görə, məktəb dövlət büdcəsindən maliyyələşir. Vəziyyətin belə ağırlaşmasına görə, Əsədov məktəb direktorlarını günahlandırır. Onun fikrincə, direktorlar rahat kreslolarda əyləşərək günlərini keçirməməli, dərsdən sonra şəxsən nəzarət etməlidir ki, şagirdlər sinifləri, idman zallarını, soyunub-geyinmə otaqlarını tərk ediblər, ya yox. Təhsil müəssisələrinin hər bir guşəsinə müşahidə kameraları yerləşdirilib və məktəb direktorları bu kameraları izləməyə borcludurlar: "Baş verən neqativ hallar onu göstərir ki, direktorlar şəxsi maraqlarına xidmət edən təhlükəsizlik kameraları quraşdırırlar. Ancaq şagirdlərin bütün aktiv hərəkət etdikləri ərazilərdə təhlükəsizlik kameraları quraşdırılmalıdır. Təkcə çəkiliş etməklə iş bitmir. Bütün çəkilişlər daimi olaraq izlənməlidir".

Amma bu, hamısı deyil. Ekspert bildirir ki, uşaqlarla bağlı pedaqoqlar və psixoloqlar da az məsuliyyət daşımır: "Orta məktəblərdə psixoloq daimi olaraq şagirdlərlə işləməlidir".

Əsədovun qənaətinə görə, sözügedən videodan da göründüyü kimi məktəblərdə o qədər boşluqdur ki, şagirdlər rahat hərəkət edə bilir, istədiyini həyata keçirir. Halbuki məktəblərdə müəllimlər dərs bitdikdən sonra hər bir şagirdin sinfi tərk etməsini izləməlidir.

Ekspert deyib ki, sinif rəhbərləri problemli şagirdlərlə bağlı qeydiyyat aparmalıdır. Onlarla tərbiyəvi söhbətlər edilməlidir. Məktəblərdə görüntü xətrinə tədbirlər keçirilməməlidir.

"Məktəb-valideyn münasibəti sıfıra bərabərdir. Məktəb-valideyn assosiasiyası ancaq bayramlarda pul yığmaqla məşğuldur. Məktəblərdə çətin tərbiyə edilən uşaqlarla bağlı işlər aparılmalıdır. Sözügedən video onu göstərir ki, bu, birinci dəfə deyil. Hər iki şəxs məktəbdə həmin məkandan dəfələrlə istifadə ediblər. Deməli, nəzarət olunmur. Direktor hansı işə baxırdı?! Direktorlarla bağlı da tədbirlər görülməlidir. Onlar vəzifələrinin öhdəsindən gələ bilmirlər, buna görə də fəaliyyətlərinə xitam verilməlidir" - deyə Əsədov bildirib.

Ailə tərbiyəsinə gəlincə, ekspert məsuliyyətsiz valideynlərlə bağlı fikirləri qətiyyətlə təkzib edir.