DTX, DİN və Baş Prokurorluq nümayəndələrinin iştirakı ilə dini radikalizm müzakirə edilib (FOTO)


Digərləri 13 Fev 2018 20:21:00 248 0

DTX, DİN və Baş Prokurorluq nümayəndələrinin iştirakı ilə dini radikalizm müzakirə edilib (FOTO)

“Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib.

Bakı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib. DQİDK-dən Trend-ə verilən məlumata görə, seminar-müşavirədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda, bu qurumların Sumqayıt şəhəri, Abşeron, Xızı, Qobustan, Zəngilan və Qubadlı rayon strukturlarının məsul nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəallar iştirak ediblər. Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Teymur Səmədov çıxış edərək mövzunun aktuallığından danışıb. Natiq eyni zamanda, Sumqayıt şəhərindəki dini durum barədə ətraflı məlumat verib. Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov tədbirin keçirilməsində əsas məqsədin Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olduğunu bildirib. O, dini radikalizmi yaradan səbəblər və radikal cərəyanların törətdiyi fəsadlardan, dünyada, xüsusilə Yaxın Şərqdə dini radikalizm və ekstremizmin acınacaqlı nəticələrindən söz açaraq, dinin siyasiləşdirildiyi və ya siyasi oyunlar üçün alət olduğu ölkələrin böyük fəlakətlərlə üzləşdiyini bildirib. Ölkəmizdə mövcud olan ictmai-siyasi sabitlik, əmin-amanlıq, dövlət-din münasibətlərinin sağlam şəkildə qurulmasından da danışan S.Heydərov Azərbaycandakı multikultural və tolerant dəyərlərin bütün dünya üçün örnək olduğunu vurğulayıb.