Azərbaycanlı rejissor: "Fransada teatr məktəbim fəaliyyət göstərir"


Kriminal 13 Fev 2018 19:15:00 289 0

Azərbaycanlı rejissor: "Fransada teatr məktəbim fəaliyyət göstərir"

Fransada yaşayan tanınmış azərbaycanlı səhnə rejissoru Emil Səlimov müsahibə verib.

Son.az report-a istinadən həmin müsahibəni təqdim edir:

- Uzun illərdir Fransada yaşayırsınız. Necə oldu ki, bu ölkəyə köçməyə qərar verdiniz?  - 1989-cu ildən Fransada yaşayıram. Fransa füsunkar ölkədir, lakin mən onun nə gözəlliyinə, nə də sərvətinə aldanıb gəlməmişəm. Buraya köçməyim fransalı qadına olan sonsuz məhəbbətimlə bağlıdır. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının səhnə rejissoru fakültəsini bitirdikdən sonra ixtisasım üzrə çalışırdım və uğurlu səhnə karyerası qurmağa nail olmuşdum. Həmin dövrdə fransız dilindən dərs demək üçün müqavilə əsasında Moskvaya gəlmiş bir qadınla tanış oldum və onunla ailə qurdum. Müqaviləsi bitdikdən sonra də mənə olan məhəbbəti onu Moskvada qalmağa məcbur etdi və Rusiyanın informasiya agentliklərindən birində redaktor işlədi, daha sonra Fransanın Rusiyadakı səfirliyində fəaliyyət göstərdi. Ancaq sonunda Fransaya qayıtmağa qərar verdi və mən də onunla birlikdə bu ölkəyə gəldim. 

- Bəs uşaqlıq illərinizi necə xatırlayırsınız? - Mən Bakıda doğulmuşam, uşaqlığım "Beşmərtəbə" deyilən ərazidə, Vidadi küçəsində, 73 nömrəli evdə keçib. Azərbaycanda keçirdiyim uşaqlıq illərimdən yalnız gözəl xatirələrim qalıb. Məhləmizdə müxtəlif millətlərdən olan qonşularımız var idi və bir-birimizlə gözəl yola gedirdik. 

Atamla anam ayrılanda 6 yaşım vardı. Atam məni özü ilə Ukraynaya apardı. Nəticədə yeni mühitə öyrəşmək mənim üçün çox çətin oldu. Həyatımın ən qəmgin notları Azərbaycanı tərk etməyimlə bağlıdır və bunlar yaddaşımda kök salıb. Atam Ukraynada yenidən ailə həyatı qurmuşdu.

Mən 1972-ci ildə 15 yaşımda olanda yenidən bir neçə illiyə Bakıya qayıtdım, hətta hərbi xidmətə də getdim. 1982-ci ildə Fransaya səfərimlə bağlı anamın icazəsini almaq üçün yenidən Bakıya döndüm. Həmin dövrdə Sovet İttifaqını tərk etmək üçün hər iki valideynin icazəsi tələb olunurdu.

- Fransa cəmiyyətinə uyğunlaşmaq çətin oldu? - Fransaya gəldikdən sonra çox böyük peşə problemləri ilə üzləşdim. Burada əcnəbilər üçün iş tapmaq olduqca çətindir. Hətta teatr sənətinin sahibləri üçün öz ixtisası üzrə işləmək imkanları çox məhduddur. Ancaq bununla belə, Fransaya gəldiyim ilk illər sənətimə uyğun iş tapa bilmədiyimdən tamaşa yazmaq qərarına gəldim və gözləmədiyim halda Fransa Mədəniyyət Nazirliyinin mükafatına layiq görüldüm. Bu hadisə də peşə fəaliyyətimin uğurlu başlanğıcı oldu. Həmin vaxtdan Parisin məşhur Lusern Teatrında üç tamaşa və digər teatrlarda çoxlu sayda sənət əsəri səhnələşdirmişəm. Hər zaman da tamaşalarım böyük maraqla qarşılanıb və mənə yeni uğurlar gətirib.

- Gələcəklə bağlı nə kimi planlarınız var? - Hazırda yeni tamaşa üzərində işləyirəm və iki fransalı ulduzu buna cəlb etmişəm. Adlarını hələlik məxfi saxlayıram. Tamaşa 2019-cu ilə hazır olacaq.