""Alqısatqı" sözünün "alğısatqı" formasında yazılması qaydalara görə doğrudur"


Digərləri 13 Fev 2018 18:24:00 374 0

""Alqısatqı" sözünün "alğısatqı" formasında yazılması qaydalara görə doğrudur"

"Alqı-satqı" sözünün "alğı-satqı" formasında yazılması qaydalara görə doğrudur".

Son.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova bildirib.

O bildirib ki, hər hansı bir sözün, yaxud sözün dəyişilmiş variantının qəbul edilib-edilməməsi onun dildə işləklik qazanmasından asılıdır: "90-cı illərdə "bilgisayar" sözü ilə yanaşı "kompüter" sözü də işlənməyə başlandı. Ancaq beynəlxalq termin olan "kompüter" işləklik qazandı. Bu baxımdan, layihədə diqqəti daha çox cəlb edən məsələlərdən biri müəyyən sözlərin yaddaşlarda möhkəmləndiyinə görə onlara olan baxışın dəyişilməsi, haqlı olaraq, bir çox suallar doğurur".

S.Sadıqovanın sözlərinə görə, mürəkkəb sözlərin yazılış qaydalarında verilən "alğı-satqı" sözünün yazılışı da mübahisə doğurur: "Çal" feilindən "-ğı" şəkilçisi vasitəsilə "çalğı" ismi düzəldilir və buna heç kimin etirazı yoxdur. "-ğı" dörd cür yazılan şəkilçidir, kar və ya cingiltili samitdən sonra gəlməsindən asılı olaraq, iki qrupda tətbiq edilir: kar samit qarşısında "-qı, -ki, -qu, -kü", cingiltili samit qarşısında "-ğı, -gi, -ğu, -gü" variantı işlədilir. "Çal" feilinin son samiti "l" cingiltili olduğu üçün məhz "-ğı" variantı seçilib. "Al" feili də "l" samiti ilə bitir və deməli, həmin məqamda bu sözə də eyni şəkilçi artırılması qeyd edilir. Onu da qeyd edim ki, 1960-cı il Orfoqrafiya lüğətində bu söz "alğı-satqı" formasında yazılıb. Yəni konkret olaraq "al" söz kökünə "ğı" şəkilçisi artırılıb. Həmin söz Orfoqrafiya lüğətinin 2004-cü il nəşrinə daxil edilməyib. Lüğətin 2013-cü il nəşrində isə yeni variant "alqı-satqı" forması meydana çıxıb. Layihədə isə 1960-cı il variantına qayıdılaraq 43-cü maddədə "alğı-satqı" kimi yazılıb. Göründüyü kimi, sözün tarixi mənzərəsi də müəyyən çətinliyin mövcudluğunu nəzərə çarpdırır. Bəs yeni layihə müəllifləri bu sözdən yan keçə bilməzdilərmi? Əlbəttə, yan keçə bilərdilər: ya əvvəlki variantı saxlayardılar, ya da müzakirəyə çıxarmadan həmin sözü lüğətin nəşrində sakitcə kənara qoya bilərdilər. Amma mövcud lüğətdə işləndiyi kimi "alqı-satqı" sözünün yeni iqtisadi münasibətlər sistemində xüsusi yerinin olması layihə müəlliflərinin müəyyən mövqe tutmasının əsasını təşkil edir: alğı-satqı. Həqiqət ondan ibarətdir ki, sözün al(maq) kökü cingiltili samitlə qurtardığına görə ona [ğı] şəkilçisi, sözün sat(maq) kökü kar samitlə qurtardığına görə ona [qı] şəkilçisi artırılıb. Müqayisə et: vurğu, durğu; yaxud: qatqı, basqı. Nəzərə almaq lazımdır ki, bu sözlər düzəltmə, alqı-satqı isə mürəkkəb sözdür".