"Goldman Sachs": ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi artacaq


İqtisadiyyat 13 Fev 2018 15:20:58 321 0

"Goldman Sachs": ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi artacaq

Ekspertlərin proqnozlarına əsasən, FED bu il uçot dərəcəsini 4 mərhələdə artıracaq

Qlobal maliyyə bazarlarının FED-in uçot dərəcəsini daha sürətlə artıracağı ilə bağlı gözləntilərinin artması, ABŞ-ın 10 illik dövlət istiqrazları üzrə gəlirlilik faizini mart ayında 3,5%-ə qədər yüksəldəcək. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu proqnozu ABŞ-ın nüfuzlu investisiya banklarından biri olan "Goldman Sachs"ın aktivlərin idarə edilməsi üzrə törəmə şirkəti - "Goldman Sachs Asset Management" verib.

Şirkətin Sidneyd' (Avstraliya) yerləşən Asiya-Sakit Okean regionu istiqraz bazarları üzrə meneceri Filip Moffit (Philip Moffitt) bildirib ki, FED bu il uçot dərəcəsini böyük ehtimalla 4 dəfə artıracaq. Moffitə görə, istiqrazların faiz dərəcəsi FED-in monetar stimullaşdırma zamanı aldığı istiqrazların həcmini azaltmaqla daha da artacaq.

Qeyd edək ki, hazırda ABŞ-ın 10 illik istiqrazlarının faiz dərəcəsi 2,83% səviyyəsindədir. Faizlərin yüksəlməsi digər aktivlərin, xüsusilə də səhm, qızıl və xammal qiymətlərinin ucuzlaşmasına səbəb olacaq.