Vasitəçilərin Qarabağ səfəri Səbəblər, həmişəkindən fərqli məqamlar və gözləntilər


Siyasət 13 Fev 2018 07:00:00 279 0

Vasitəçilərin Qarabağ səfəri  Səbəblər, həmişəkindən fərqli məqamlar və gözləntilər

"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona bu dəfəki səfərinin əvvəlkilərdən fərqi o idi ki, bu dəfə onların arasında amerikalı diplomat Endryu Şofer də vardı.

Bundan başqa, vasitəçilərin bu dəfəki səfəri 1-2 gün yox, 5 gün davam etdi. Onlar qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış məntəqələrinə baş çəkdilər.

Digər məqam odur ki, onlar İrəvandan sonra Ermənistanın işğal altında olan Azərbaycan ərazilərinə - Dağlıq Qarabağa, Xankəndinə, eləcə də Kəlbəcər, Qubadlı, Zəngilan, Ağdam və Laçına da getdilər.

Bütün bunlar göstərir ki, həmsədrlər münaqişə ilə bağlı, o cümlədən işğal altındakı torpaqlardakı vəziyyəti yerindəcə öyrənmək və onu daha dərindən təhlil etmək istəyirlər".

Bunu Son.az-a "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərini şərh edərkən bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrlərindən ÇAĞIRIŞ Ekspertin fikrincə, vasitəçilərin bu son səfərinin daha bir əhəmiyyəti də var: "Regiona səfərdən sonra həmsədrlər tərəfləri gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırmaqla yanaşı, bundan əvvəl səsləndirdikləri 3 əsas prinsipi təkrarlayıblar. Onların sözlərindən belə anlaşılır ki, tərəflər Vyana və Sankt-Peterbuqrda götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Bunlar hamısı ümumi sözlərdir. Lakin əsas məsələlərdən biri odur ki, həmsədrlərin bu səfəri aprel ayında Ermənistanda hökumət dəyişikliyi və Azərbaycanda prezident seçkiləri ərəfəsində baş tutub. Bu da bizə imkan verir ehtimal edək ki, əvvəllər olduğu kimi, Ermənistan tərəfi onu bir neçə ay ertələyə bilməyəcək və apreldən dərhal sonra danışıqlar prosesi intensiv davam etdiriləcək".

Ermənistan və Azərbaycan razılığa gəlib - Seçkilərdən sonra danışıqlar davam etdiriləcək E.Ələsgərov hesab edir ki, bundan sonra danışıqlarında daha məntiqli və normal şəraitdə keçəcəyini gözləmək olar: "Deyirlər ki, danışıqlar gedəndə toplar susur. Məncə növbəti müddətdə danışıqlara xələl gətirə bilən addımlar atılmayacaq. Təbii ki, danışıqlardan bir günün içində konkret nəticə gözləməyə dəyməz. Nəticələr isə həm tərəflərin birbaşa danışıqlar masası arxasında razılıqlar əldə etməsindən, eləcə də dünyada gedən proseslərdən asılıdır. Məncə siyasi, iqtisadi və hərbi cəhətdən daha güclü tərəf olan Azərbaycan öz məqsədlərinə nail olacaq və ədalət bərpa ediləcək".

Qeyd edək ki, 1988-ci ilin fevralında Azərbaycana ərazi iddiaları ilə çıxış etməsindən sonra Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycan ərazilərinin 20 faizini hərbi yolla işğal edib. Vasitəçilərin müdaxiləsindən sonra 1994-cü ilin mayında Bişkek protokolu ilə tərəflər arasında atəşkəs rejiminə dair nail olunsa da, bu sadəcə nisbi xarakter daşıyır. Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həll olunması uğrunda aparılan 25 ildir davam edən danışıqlar isə hələlik heç bir nəticə vermir. ATƏT-in Minsk qrupunun həmsədrləri hazırda Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popov (Rusiya) və ABŞ-dan Endryu Şoferdir. Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində