Qışda başıaçıq gəzmək sağlamlığa nə kimi ziyan vurur?


Digərləri 12 Fev 2018 23:01:00 359 0

Qışda başıaçıq gəzmək sağlamlığa nə kimi ziyan vurur?

“Baş dərisinin soyuqlaması tez bir zamanda orqanizmin ümumi soyuqlamasına səbəb olur”

Adil Qeybulla: "Baş dərisinin soyuqlaması tez bir zamanda orqanizmin ümumi soyuqlamasına səbəb olur" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Fəsillər dəyişdikcə, geyimlərimiz də dəyişir. Hər fəslin öz geyim tərzi var. Yayda daha rahat, yüngül geyimlərə üstünlük veririk, qışda isə əksinə, daha qalın geyinirik. Amma nədənsə, qış geyimlərini bəzi insanlar sevmir. Həmin geyimlərin onları narahat etdiyini və buna görə də imtina etdiklərini deyirlər.   "İnsanların ilk imtina etdikləri qış geyimi papaqdır"  desək, yanılmarıq. Bədənlərinə nə qədər qalın geyinsələr də, bir çox gənclər papaq taxmaq istəmir. Kimisi başını narahat etdiyini, kimisi yaxşı görünmədiyini, yaraşmadığını, kimisi də saçlarına ziyan etdiyini bildirir. Bu aylarda əsasən də xanımlar saçlarını düzləşdirdikdən, yaxud da hər hansı bir formaya saldıqdan sonra dağılmasın deyə, baş üçün hər hansı örtükdən istifadə etmirlər. Hətta zarafatyana "gözəllik qurban tələb edir" deyərək, sağlamlıqlarını böyük təhlükə altına alırlar. Amma hər dəfə qışda evdən başıaçıq çıxanda, valideynlər sağlamlığımıza böyük ziyan vurduğumuzu deyirlər. Bu, doğrudanmı belədir? Görünüş gözəl olur, bəs sağlamlığımıza nə kimi ziyan vururuq?   Həkimlər bildirirlər ki, soyuq və sərt qışda bayırda qalacağınız müddəti əvvəlcədən nəzərdən keçirib, buna uyğun olaraq qalın geyinmək lazımdır. Çünki soyuq havada çox qaldıqda, orqanizmin müdafiə qüvvəsi aşağı düşür və xəstələnmək üçün şərait yaranır. Papaq taxmaq və qulaqlara soyuq havanın daxil olmasını əngəlləmək qışda qorunmağın ən əsas yollarından biridir. Soyuq havalarda başıaçıq gəzmək üz iflicinə səbəb ola bilər. Soyuq hava sinirlərin gərilməsinə şərait yaradır və üzdəki əzələlərin idarə edilməsinə maneçilik törədir. Buna görə də, əzələlər hərəkətsiz qalır. Üz hərəkətlərini təmin etmək üçün beyindən gələn əmrləri əzələlərə çatdıran üz sinirlərindəki problemlər bu xəstəliyə səbəb olur. Üz iflici insandan asılı olaraq özünü fərqli formada göstərir. Bəzən çox yumşaq olur və yalnız insan güldüyü zaman bəlli olur. Üzün yarısı qismən hərəkətsiz və ifadəsiz qalır. Ətraf sinir sistemi səbəbindən, üz iflici alını qırışdırmağa mane olur, gözlər yumulmur, dişləri göstərmək mümkün olmur, dodaqlar büzülmür, ağzın kənarları düz qalır.