Tənhalığı sevməyən tənha aktrisa FOTO


Kriminal 12 Fev 2018 22:55:00 293 0

Tənhalığı sevməyən tənha aktrisa  FOTO

Zərnigar Ağakişiyeva: “O tamaşadan sonra əllərimdə gül dəstələri teatrdan çıxanda başa düşdüm ki, mənim yerim səhnədir...”

Zərnigar Ağakişiyeva: "O tamaşadan sonra əllərimdə gül dəstələri teatrdan çıxanda başa düşdüm ki, mənim yerim səhnədir..." 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

O, teatrdan öz xoşuna ayrılmışdı. Gedişini də özünün şəkər xəstəliyi ilə əlaqələndirmişdi. Ancaq qəlbinin dərinliklərində inciklik vardı. Aktrisa 40 il səhnəsində can qoyduğu teatrından küsmüşdü. Gah bir vaxtlar teatrda qaldırılan aktyorlarla müqavilə bağlanması, gah yaşla bağlı təqaüd söhbətləri, gah da pərdəarxası intriqalar... onu yormuşdu. Həyatı qədər sevdiyi teatrdan, kinodan, tanıdığı-tanımadığı minlərlə tamaşaçısından, bir-birindən fərqli rollarından ayrılmaq istəməsə də, getmişdi.

Bundan sonra da yaddaqalan rollar oynayacağına ümidlər çox olsa belə, aktrisa fərqinə varmadan özü ilə uzun illərin acılı-şirinli xatirələrini aparmışdı. İllər öncə teatrdakı otağında onunla üzbəüz oturub sənət taleyi haqqında söhbətləri öz dilindən eşitsəm də, artıq hər kəsdən, həmçinin jurnalistlərdən də qaçırdı. Dünən FHN əməkdaşlarının zorla açdığı qapını, əslində o çoxdan insanların üzünə qapatmışdı...   Çətin, ağır zəhmət tələb edən sənət məbədi   Zərnigar Ağakişiyeva teatr səhnəsində Dilbəri, Fəxrəndəni, Amaliyanı, Xuramanı, Tatyananı, Zivəri, Maralı, Zeynəbi, Xədicəni, Klavdiyanı, kinoda Xədicəni, Zivəri, Xurşud xanımı, televiziya tamaşalarında Mirandolinanı, Dilşadı, Həmidə xanımı, Qaynananı tamaşaçılara təkcə sevdirməmişdi, onları əsil sənət zövqünün nə demək olduğu fikrinə inandırmışdı. "Bu sənəti əsas həyat kredosu kimi qəbul etmirdim. Elə bilirdim ki, hamı dərsdən savayı dərnəyə, şahmat klubuna, mədəniyyət evinə gedib vaxtını ora sərf edir. Mən də bunu o cür qəbul edirdim. Lakin instituta daxil olandan sonra təfəkkürümdə sənət haqqında düşüncələrim tamam dəyişdi. Xüsusilə teatra işləməyə gələndə gördüm ki, doğrudan da teatr düşündüyüm kimi adi bir qurum deyil. Çətin, can aparan, ağır zəhmət tələb edən sənət məbədidir. Biz səhnədə bütün canımızı, bütün varlığımızı qoyuruq və onunla da yaşayırıq. Ona görə də sənətimiz bizim həyatımızın çox hissəsini, sonradan isə bütün varlığımızı təşkil edir" - deyirdi Zərnigar xanım.   Aktrisalıq onun taleyi idi   Aktrisa olmaq gəncliyində ağlına da gəlməmişdi. Yoxsa doğulub böyüdüyü Quba rayonundan Bakıya gəlib Ticarət-Kooperativ Texnikumunu, daha sonra Moskvanın Kooperativ Texnikumunun nəzdindəki reklam işi üzrə dekorçu-rəssam kurslarını bitirməzdi. Ancaq Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olması sakit havada qəfildən şimşək çaxmasına bənzəyib. Bir müddət Tədris Teatrında aktrisa kimi çalışıb. Rejissor Əşrəf Quliyevin dəvəti onun üçün gözlənilməz olub - çoxlarının xəyal etdiyi Akademik Milli Dram Teatrının səhnəsinə çıxıb və A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. "İncəsənət institutundan əvvəl şərqşünas olmaq istəyirdim. İncəsənət institutuna sənədlərimi verəndə, orta təhsilim rus dilində olduğu üçün rus bölməsinə qəbul olmaq istədim. Amma rus bölməsində yer olmadığından, qayıdanda sənədləri qəbul edən xanım "azərbaycanlı deyilsən məgər, ver sənədlərini Azərbaycan bölməsinə, indi azərbaycanlı aktrisalara böyük tələbat var" dedi. O vaxt İncəsənət institutunun tələbələrinin fəaliyyəti Tədris Teatrında başlayırdı. Mən də o teatrda bir çox tamaşalarda iştirak etmişəm. "Aydın"da, "Qırmızı yaylıqlı qovağım mənim"də, diplom tamaşam olan "Günahsız müqəssirlər"də maraqlı rollarım var idi".   Tədris Teatrında Zərnigar xanımın, Yaşar Nurinin və Pərviz Bağırovun "Azdrama"nın truppasına qəbul edilmək şansı yaranıb. "Rejissor məni "Azdrama"ya dəvət etsə də, bir neçə gün oraya gedib-gəlməyimə baxmayaraq, məni kollektivə təqdim etmirdilər, mən də özümü narahat hiss edirdim. Ona görə yenidən Tədris Teatrına qayıtdım. Rejissor məni görən kimi təəccübləndi, gedib rektora xəbər verdi, rektor da məni çağırıb tənbeh elədi ki, niyə üzünə açılan qapını təpiklə vurub bağlayırsan? Dedim, gedib otururam, nə deyirlər ki, bu bizim təzə aktrisamızdır, nə də kimin dublyoru olduğumu bildirirlər, qeyri-müəyyən bir vəziyyətdəyəm. Öz-özümə də fikirləşirdim ki, mən axı kimdənsə xahiş etməmişəm ki, məni "Azdrama"ya aktrisa təyin etsinlər. Sadəcə, məni Tədris Teatrındakı tamaşalarda görüb böyük səhnəyə layiq bilmişdilər. Əşrəf Quliyev isə mənim müəllimim olmaya-olmaya, kənardan məni müşahidə edib, Tədris Teatrındakı rollarımı görüb, rəhbərliyə məsləhət bilib ki, "Azdrama"nın truppasında çıxış edə bilərəm. Amma o məni kollektivə təqdim edə bilməzdi, təzə aktrisanı truppa üzvlərinə baş rejissor təqdim etməli idi".

Bir müddət qeyri-müəyyən şəraitdə işləyib. Bir ildən sonra adının rol bölgüsü siyahısında olduğunu eşidincə xeyli sevinib: "Məlum oldu ki, "Müdriklər" tamaşasında məni Mamayeva roluna təsdiq olunan Leyla Bədirbəyliyə dublyor veriblər. Bu, mənə çox qəribə göründü. Fikirləşdim ki, bununla mənə "daha bu teatra gəlmə" demək istəyirlər. Çünki o boyda aktrisaya dublyor təyin olunmağımı başqa cür anlaya bilmədim. Məşq günü gəlib çatanda, çox həyəcanlı idim. Teatrın ən görkəmli aktyorları məşğul idilər - İsmayıl Osmanlı, Səməndər Rzayev... Leyla xanım həmin məşqə gəldi və mənim bu tamaşada ona dublyor təyin olunmağımı qəbul etdiyini bildirdi. "Otur yanımda, rejissor danışdıqca mən onun dediklərini qeyd edəcəm, sən də özün üçün qeyd et" dedi. Özü də mən məşq edən günlərdə o gəlmirdi ki, sıxılmayım. Bir gün də dedilər ki, Leyla xanım Bolqarıstana qastrola gedir, ola bilər ki, tamaşanı təhvil verməyə çatmasın. Ona görə tamaşa qaldı mənim boynumda, həm ictimai baxışı, həm premyeranı mən oynadım".


Xəbərə aid fotolar