2027ci ilədək çay yarpağı yığımının 11 dəfə artırılması nəzərdə tutulur


Digərləri 12 Fev 2018 20:02:00 323 0

2027ci ilədək çay yarpağı yığımının 11 dəfə artırılması nəzərdə tutulur

2027-ci ilədək Azərbaycanda yaşıl çay yarpağı yığımının 10,96 dəfə artırılması planlaşdırılır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulur.

Dövlət Proqramında qeyd edilir ki, ölkədə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Bu sahənin inkişafı 70-80-ci illərdə daha da sürətlənib, həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılıb. Ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsi təmin edilib:

"Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilib ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir".