Yaxın Şərqdə yeni "ordu", yaxud ABŞın yeni planları


Dünya 12 Fev 2018 19:37:00 304 0

Yaxın Şərqdə yeni "ordu", yaxud ABŞın yeni planları

Yaxın Şərq regionunda ümumi geosiyasi vəziyyət gərginliyini nəinki saxlayır, hətta daha mürəkkəb bir situasiyaya yuvarlanır. Vaşinqtonun Suriya Demokratik Qüvvələri ilə 30 minlik PYD/YPG ordusu yaratmaq planı haqqında informasiya yayması ilə regionda proseslər bir qədər də gərgin xarakter aldı. Bir sıra dövlətlər buna etirazlarını bildirdilər.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, Türkiyə isə ABŞ-ın, əslində, PYD/YPG üçün yaratmaq istədiyi ordunu beşiyində boğacağını bəyanladı. Bununla da ekspertlər regionda növbəti savaş ehtimalının yüksəldiyindən danışdılar. Gedən proseslərin Yaxın Şərqə və ona yaxın regionlara mümkün təsirləri üzərində düşünməyə ehtiyac yaranıb. O cümlədən böyük dövlətlər arasında nüfuz savaşının hansı təhlükələr yarada biləcəyi maraq doğurur.

Təhlükəli addım: Vaşinqtonun "su bulandırması"

Ekspertlər yekdilliklə Yaxın Şərqdə vəziyyətin daha da gərginləşdiyini bildirirlər. Region ölkələri arasında müşahidə edilən ziddiyyətlər kifayət qədər yeni problemlər meydana çıxarmaqdadır. Belə bir situasiyada Vaşinqtonun Suriyanın şimalında Suriya Demokratik Qüvvələri ilə 30 minlik ordu yaratmaq planından bəhs etməsi bir növ "odun üstünə yağ tökmək" effekti verdi. Türkiyə, Rusiya, İran ciddi surətdə etiraz etdilər. Ayrıca, Ankara yaradılması planlanan "ordu"nu beşiyində məhv edəcəyini açıq bildirdi.

Prezident R.T.Ərdoğan ABŞ rəhbərliyini sərt şəkildə ittiham edərək, bir terror təşkilatını digərinə dəstək verməklə məğlub etməyin mümkün olmadığını bəyan etdi. Türkiyə rəhbərliyi Suriyanın Afrin bölgəsini terrorçulardan təmizləyəcəyini birmənalı vurğuladı. Artıq türk ordusu həmin bölgəni mühasirəyə alaraq, PKK/KCK/PYD/YPG və İŞİD terror qruplaşmalarının üzvlərinə qarşı "Zeytun budağı" adlı əməliyyata başlayıb.

Türkiyənin rəsmi dairələri məsələ ilə əlaqədar aktiv diplomatik fəaliyyət göstərirlər. Baş Qərargah rəisi H.Akar Brüsseldə NATO toplantısı zamanı bir sıra görüşlər keçirib. O cümlədən ABŞ-ın müdafiə naziri və dövlət katibi ilə müzakirələr aparıb. Həmin görüşdən sonra R.Tillerson "Türkiyəyə məsələ ilə bağlı bir açıqlama vermək borcumuz var", deyib. Ondan bir az əvvəl Pentaqon da bəyan edib ki, Şimali Suriyada ordu qurulmasından söhbət getmir, əsas hədəf həmin bölgədə təhlükəsizliyi təmin etmək və İŞİD-i sona qədər məhv etməkdir.

Lakin Türkiyə rəhbərliyi bu kimi fikirləri ziddiyyətli hesab edir. Çünki təcrübə göstərir ki, amerikalılar bir söz deyir, ancaq başqa iş görürlər. Bundan başqa, artıq 200-dən çox terrorçuya ABŞ xüsusi təyinatlılarının təlim keçdiyi haqqında informasiyalar yayılmaqdadır. Bu rəqəmin 30 minə çatdırılacağını da Suriya Demokratik Qüvvələrinin təmsilçisi deyib. Ankara deyilən sözlərdən çox atılan praktiki addımlara diqqəti çəkir. Belə ki, ABŞ-ın SDQ-yə bir neçə min yük maşını silah verdiyini söyləyir və bu prosesin indi havadan da aparıldığını ifadə edir. Deməli, sürətlə silahlanma gedir. Bunun səbəbi haqqında isə Vaşinqton konkret bir söz demir.

Buna görədir ki, yanvarın 17-də keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının aldığı qərarlar sırasında amerikalıların PYD/YPG-yə verdiyi silahları geri toplaması haqqında da bənd vardır. Bu tələbin yerinə yetirilib-yetirilməyəcəyi aydın deyil. Lakin ekspertlərin fikrincə, Türkiyə Milli Təhlükəsizlik Şurasının son toplantısında Afrin və Münbiclə bağlı lazımi tədbirlərin görüləcəyi ilə bağlı qərarın verilməsi Ankaranın situasiyaya çox ciddi yanaşdığını göstərir. Bu aspektdə türk ordusunun Suriyada qarşısına çıxacaq hər kəslə savaşa biləcəyini təxmin etmək olar.

Maraqlı vəziyyət yuxarıda vurğulanan məqamlar kontekstində NATO-da yaranıb. Çünki Türkiyə NATO-nun üzvüdür və bu təşkilatın nizamnaməsinin 5-ci bəndinə görə, üzv dövlətlərin sərhədləri həm də NATO-nun sərhədidir. Belə çıxır ki, ABŞ NATO üzvü olduğu halda, təşkilatın digər üzvünün sərhədlərini terrorçuların qorumasına cəhd edir. Təbii ki, tam nonsensdir və Şimali Atlantika Alyansı həmin paradoksu həll etməlidir. Ən azından Ankara hesab edir ki, Vaşinqton onun düşmənlərini silahlandırır. Bu problem NATO üçün ciddi başağrısı ola bilər.