Avropa çempionatında fərqlənən karateçilər mükafatlandırıldı


İdman 12 Fev 2018 19:27:00 288 0

Avropa çempionatında fərqlənən karateçilər mükafatlandırıldı

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi Rusiyanın Soçi şəhərində yeniyetmə və gənclərin Avropa çempionatında uğurla çıxış edən yığma komandanın üzvləri ilə görüşüb. Goal.az xəbər verir ki, federasiya prezidenti Yaşar Bəşirov və I vitse-prezident Fərid Əsgərov 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan idmançıları təbrik edərək bu nəticəni aşağı yaş qruplarında tarixi uğur kimi dəyərləndiriblər.

Federasiya rəhbərliyi dövlət tərəfindən göstərilən qayğı müqabilində, eyni zamanda Azərbaycanın idman ölkəsi imicinin qorunması üçün bundan sonra da məsuliyyətlə çalışmağın və yüksək nəticələr göstərməyin əsas məqsəd kimi qarşıya qoyulduğunu xatırladıb.

Yeniyetmə və gənclər yığmalarının məşqçisi Anar Allahverdiyev qitə çempionatına hazırlıq işlərində lazımi dəstəyə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib. Görüş zamanı həmçinin növbəti yarışlara hazırlıq məsələləri müzakirə olunub. Yığıncağın sonunda Avropa çempionatında fərqlənən idmançılar mükafatlandırılıb.