Azərbaycan Banklar Assosiasiyası EY-ın əməkdaşlığı ilə seminar keçirib (FOTO)


Digərləri 12 Fev 2018 18:42:00 229 0

Azərbaycan Banklar Assosiasiyası EY-ın əməkdaşlığı ilə seminar keçirib (FOTO)

Yeni 9 saylı Maliyyə Hesabatlarının Beynəlxalq Standartının (IFRS 9) banklarda tətbiqindən sonra dəyərsizləşmə üzrə hesablamaların praktik aspektlərinə dair seminar təşkil edilib.

Bakı. Azərbaycan Banklar Assosiasiyası EY-ın əməkdaşlığı ilə yeni 9 saylı Maliyyə Hesabatlarının Beynəlxalq Standartının (IFRS 9) banklarda tətbiqindən sonra dəyərsizləşmə üzrə hesablamaların praktik aspektlərinə dair seminar təşkil edib. Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycan banklarının əksəriyyətinin iştirak etdiyi tədbir 7 fevral 2018-ci il tarixində Unibank-da keçirilib. Təqdimat EY şirkətinin Çexiyadakı ofisinin Baş Meneceri Radek Lastovicka tərəfindən nümayiş etdirilib. Təqdimat zamanı 9 saylı MHBS-yə əsasən dəyərsizləşmə ilə əlaqəli bir sıra mövzularla bağlı ümumi təcrübələr haqqında məlumat verilmiş və konkret uğursuz təcrübələr haqqında xəbərdarlıq edilib. Tədbir çərçivəsində EY şirkətinin Azərbaycandakı ofisinin Baş meneceri Yokub Şarafitdinov öz fikirləri ilə bölüşüb: “EY bizim bazarda 9 saylı MHBS ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi sahəsində lider olmaq üçün bütün lazımi biliyə və imkanlara malikdir. Biz artıq EY şirkətinin digər ofislərindən olan ekspertlərinin müvafiq xüsusi biliklərini öz komandamıza cəlb etməklə müəyyən banklar üçün pilot layihələrini həyata keçiririk.” Daha sonra Radek Lastovicka öz fikirlərini bildirib: “Biz Şərqi Avropa, Türkiyə və Orta Şərqdə Azərbaycanda fəaliyyət göstərən banklara uyğun miqyaslı banklar tərəfindən qəbul edilmiş praktik həlləri işıqlandırdıq. Xüsusi diqqət nəticə rəqəmlərinə mühüm təsiri olan Kredit riskində əhəmiyyətli artım (SICR) anlayışının tərifi ilə bağlı yanaşmalara verilmişdir. Qeyd etdiyim bazarlarda banklar sonradan SICR tərifində istifadə edilən mövcud aktivlərin yaranması zamanı riskin qiymətləndirilməsi üzrə strukturlaşdırılmış məlumatların retrospektiv qaydada yaradılması üçün çox vaxt və səy sərf etmişlər. Bununla yanaşı, biz bir çox Azərbaycan bankları üçün 9 saylı MHBS-nin tətbiqini çətinləşdirə bilən “Alınmış və ya yaranmış kredit üzrə dəyərsizləşmiş maliyyə aktivləri” mövzusunu müzakirə etdik. İlkin olaraq problemli kreditlərin restrukturizasiyasından yaranan aktivlər üçün Standartda xüsusi uçot yanaşması müəyyən edilib.” Təqdimatdan sonra Azərbaycan üzrə makroiqtisadi proqnozlarla bağlı və onların gələcəkdə 9 saylı MHBS üzrə banklarda dəyərsizləşmənin hesablanmasına təsiri mövzusunda müzakirələr aparılıb.