Bakı Dəniz Ticarət Limanının birinci mərhələsi üzrə işlər bu tarixdə başa çatdırılacaq


Digərləri 12 Fev 2018 18:36:00 317 0

Bakı Dəniz Ticarət Limanının birinci mərhələsi üzrə işlər bu tarixdə başa çatdırılacaq

Bakı Dəniz Ticarət Limanının birinci mərhələsi üzrə işlər bu ilin may ayınadək başa çatdırılacaq və bu fazada liman 15 milyon ton yük buraxılış qabiliyyətinə malik olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə nazirlikdə geniş kollegiya iclasında deyilib.

Nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, ölkədə davamlı inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. 2017-ci ildə regionların inkişafına 4,5 milyard manat vəsait yönəldilib, dövlət başçısı bölgələrə etdiyi 30-dan çox səfər çərçivəsində müxtəlif təyinatlı 130-dək obyektlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak edib, tapşırıq və tövsiyələrini verib. Dövlət başçısının imzaladığı 74 Sərəncamla şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 368 milyon manat vəsait ayrılıb. Ümumilikdə, 2004-2017-ci illərdə regionların inkişafına 67,5 mlrd. manat (77,8 mlrd. dollar) vəsait yönəldilib.

2017-ci ildə regionlarda bir sıra sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, mühüm sənaye obyektlərinin tikintisinə başlanıb, sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilib. Otən il 1300 km-ə yaxın avtomobil yolu, 24 körpü və yolötürücüsü tikilib və ya təmir olunub. 863 km kənd yolu inşa olunub, 3 su və 1 günəş elektrik stansiyası, 1500-dən çox transformator və 56 yarımstansiya istifadəyə verilib, 2100 km-dən çox qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 20 rayon üzrə 67 yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 93%-ə çatdırılıb. Həmçinin, regionlarda 1200 km-dən çox su, 383 km kanalizasiya xətti çəkilib, 38 içməli su artezian quyusu qazılıb və ya təmir olunub, 29 su anbarı inşa edilib, 103 yaşayış məntəqəsində modul tipli sutəmizləyici quraşdırılıb, suvarma üçün 248 subartezian quyusu qazılıb.

Dövlət başçısının Azərbaycan vətəndaşının rifahının daha da yüksəlməsinə istiqamətlənmiş sosial-iqtisadi siyasətinə uyğun olaraq, bütün sosial layihələr icra edilib, regionlarda 121 məktəb, o cümlədən 106 modul tipli məktəb, 22 uşaq bağçası, 22 səhiyyə, 6 idman, 37 mədəniyyət və digər sosial obyekt tikilib və ya əsaslı təmir olunub, 2300 məcburi köçkün ailəsi yeni evlərə, mənzillərə köçürülüb.

Kollegiya iclasında diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda proqram çərçivəsində görülən işləri yüksək qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.

Dövlət başçısının sənayenin inkişafı ilə bağlı tapşırıqlarının icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən görülən və nəzərdə tutulan tədbirlər barədə məlumat verən Ş.Mustafayev sənaye parkları və məhəllələrinin təşkili və genişləndirilməsi işlərinin, eləcə də digər rayonlarda yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanlarının araşdırılmasının sürətləndirilməsi, sənaye zonalarına yeni rezidentlərin cəlb olunması barədə Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verib.

Kollegiya iclasında qeyd olunub ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı Dəniz Ticarət Limanının tikintisi uğurla davam edir. Limanın birinci mərhələsi üzrə işlər bu ilin may ayınadək başa çatdırılacaq və bu fazada liman 15 milyon ton yük buraxılış qabiliyyətinə malik olacaq. İkinci mərhələdə limanın imkanları 25 milyon ton yükə və 500 min konteynerə çatacaq, növbəti mərhələdə isə 1 milyon konteynerədək artacaq. Paralel olaraq Ələt Azad Ticarət Zonasının təşkili istiqamətində də müvafiq tədbirlər görülür.

"Azərxalça" ASC-nin istehsal sahələrinin artırılması işləri davam etdirilir, 10 rayonda xalça müəssisələrinin tikintisi yekunlaşıb, daha 10 müəssisənin, 5 yun və boyaq maddələri məntəqələrinin tikintisi həyata keçirilir, Yunəyrici Boyaq fabrikinin tikintisinə başlanılması da xalçaçılığın xammal bazasının yaradılmasına töhfə verəcək.

Vurğulanıb ki, Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Azərbaycan hökuməti və ABŞ tərəfindən birgə həyata keçirilən Yem Emalı Müəssisəsinin tikintisi başa çatdırılıb və fermerlərin istifadəsinə verilib. Türkiyə ilə də Cocuq Mərcanlıda kənd təsərrüfatı sahəsində birgə layihənin reallaşdırılması işlərinə başlanılıb.

Kollegiya iclasında yeni istehsal və emal müəssisələrin yaradılmasının və mövcud istehsal sahələrinin potensialının artırılması və genişləndirilməsinin, yerli istehsal hesabına özünütəminetmə səviyyəsinin yüksəldilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğu vurğulanıb.

Ötən il müxtəlif sahələr üzrə yeni müəssisələr istifadəyə verilib, bir sıra müəssisələrin tikintisi davam etdirilib və yeni müəssisələrin təməli qoyulub, xüsusilə idxalı əvəz edən məhsulların yerli istehsalının təşkili, eləcə də ənənəvi sahələrin inkişafı istiqamətində mühüm addımlar atılıb.

Bu tədbirlər çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında tikilən tütün məmulatlarının istehsalı fabriki bu il istifadəyə veriləcək, bununla da bu sahədə idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalacaq. Bundan başqa, istehsal zəncirinin tam tamamlanması üçün tütün qəbulu məntəqələrinin və qurutma kameralarının yaradılması, mövcud siqaret fabriklərinin gücünün artırılması işləri də davam etdirilir.