Əhalinin əmanətləri 7,5 milyard manatı ötüb


Digərləri 12 Fev 2018 17:13:00 383 0

Əhalinin əmanətləri 7,5 milyard manatı ötüb

2017-ci ildə əhalinin əmanətləri 1.5% (110 mln. manat) artaraq 7,5 mlrd. manatı üstələyib.

Bakı. 2017-ci ildə əhalinin əmanətləri 1.5% (110 mln. manat) artaraq 7,5 mlrd. manatı üstələyib. Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, bu barədə Palatanın 2017-ci ilin yekunlarına dair iclasında bildirilib. Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda, bank sektoru, sığorta, maliyyə bazarları, ödəniş sistemləri, hüquq və maliyyə xidməti istehlakçılarının hüquqlarının müdafiəsi və digər sahələr üzrə görülmüş işlər geniş müzakirə edilib. İ.Alışov giriş nitqində Prezident İlham Əliyevin rəhbərliyi altında milli iqtisadiyyatın şaxələndirilməsi strategiyasının tətbiqi, yeni iqtisadi artım modelinə keçid və dayanıqlı inkişafın təmin olunması istiqamətində həyata keçirilən kompleks institusional islahatların ölkə iqtisadiyyatına müsbət təsirini qeyd edərək bildirib ki, makroiqtisadi sabitliyin təmin olunması nəticəsində 2017-ci ildə ölkənin qeyri-neft ÜDM-nin real artımı 2.7% olub. Bank sektorunun sağlamlaşdırılması və restrukturizasiyası, maliyyə vasitəçiliyinin bərpa edilməsi, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti proseslərinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, habelə, maliyyə savadlılığının artırılması və istehlakçıların hüquqlarının müdafiəsi məsələlərinin 2017-ci il ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin prioritet istiqamətləri olduğu qeyd edilib. Baş icraçı direktor bildirdi ki, aparılan uğurlu islahatların məntiqi nəticəsi olaraq bank sektorunda da müsbət meyllər müşahidə edilib. 2017-ci ildə əhalinin əmanətləri 1.5% (110 mln. manat) artaraq 7,5 mlrd. manatı üstələyib. Artım əsasən, manat əmanətləri hesabına baş verib. Belə ki, milli valyutanın məzənnəsinin sabitləşməsi əmanətçiləri xarici valyuta əmanətlərini manata konvertasiya etməyə sövq edib. İclasda bildirilib ki, ölkənin bank sektorunda 2016-cı ildən başlayan restrukturizasiya tədbirləri və həyata keçirilən nəzarət rejimi bank sektorunun kapital mövqeyinin plana uyğun bərpasını şərtləndirib. Bank sektorunun daha effektiv restrukturizasiya mexanizmlərinin yaradılması ilə bağlı, qlobal və lokal ekspertiza nəzərə alınmaqla “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa rezolyusiya ilə bağlı fəsil əlavə edilib.