Şəhid qızının ölüm işini aparan müstəntiq işdən çıxarıldı


Digərləri 12 Fev 2018 14:14:00 292 0

Şəhid qızının ölüm işini aparan müstəntiq işdən çıxarıldı

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun cinayət işi üzrə istintaqı aparan müstəntiq Vüqar Abbasov işdən çıxarılıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda məlum olub.

R.Rəhimovun vəkili Muxtar Mustafayev ötən məhkəmə iclaslarında bildirib ki, müstəntiq hazırda sərəncamdadır.

Müstəntiq V.Abbasovun işdən çıxarılmasına səbəb kimi isə vəzifə borcunu yerinə yetirərkən ciddi nöqsanlara yol verməsi göstərilib. Belə ki, V.Abbasovun rəhbərliyi ilə aparılan istintaq zamanı qəzanı törədən şəxsin R.Rəhimov deyil, onların ailə sürücüləri olan Əmrulla Şahbazov olduğu qeyd edilib.

Ə.Şahbazovdan qəzanı törətdiyini etiraf edən ifadə belə alınıb. Lakin qəza ilə bağlı xəbər ictimailəşəndən, mərhumun ailə üzvlərinin şikayətindən sonra iş yenidən araşdırılıb.

Hadisə şahidləri söyləyib ki, qəzanı gənc oğlan törədib. Bu da istintaqın axarını dəyişib. Qəza ilə bağlı başlanılan cinayət işi V.Abbasovdan alınıb. Daha sonra yeni istintaqla müəyyən edilib ki, qəzanı məhz R.Rəhimov törədib.

Müstəntiq V.Abbasov hətta Rəhim Rəhimovdan ifadə alıbmış ki, qəzanı sürücü Ə.Şahbazov törədib.

R.Rəhimov məhkəmədə hadisə yerindən qaçmasını və yalan ifadə verməsini izah edərkən qeyd edib ki, qəza yerinə gələn polis əməkdaşları ona atasını tanıdıqlarını və ailə sürücüləri gəldikdən sonra getməsini deyiblər.