"Nazpərinin əlini məndən çox öpən müğənni olmayıb" Nadir Qafarzadə ilə QALMAQALLI MÜSAHİBƏ


Şou-biznes 12 Fev 2018 11:46:00 315 0

"Nazpərinin əlini məndən çox öpən müğənni olmayıb"  Nadir Qafarzadə ilə QALMAQALLI MÜSAHİBƏ

Tanınmış müğənni Nadir Qafarzadə müsahibə verib.

Son.az ölkə.az-a istinadən həmin müsahibəni təqdim edir:

- Nadir bəy, xeyli müddət idi ki, qalmaqallar etmirdiniz. Ancaq bir neçə gün öncə sosial şəbəkədə paylaşdığınız məlum status qalmaqala səbəb oldu. - Status paylaşanda düşünmürəm ki, bu, qalmaqala səbəb ola bilər. İnanın ki, heç vaxt qalmaqal etmək niyyətində olmamışam. Yaşımın da o vaxtı deyil ki, qalmaqal edim. Qırx yeddi yaşım var. Bəli, gənclik illərində qalmaqallar etmişəm.

- Məqsədli şəkildə? - Xeyr, o vaxt da məqsədli qalmaqallar etməmişəm. 

- Bəs niyə statusu yazıb, sonra silirsiniz? - Statusu silmək xahişlərlə də olur. Onsuz da, mən silsəm də, digər sosial şəbəkələrdə, saytlarda qalır. Həm də istəmirəm ki, "Instagram" səhifəmi vərəqləyəndə həmin status gözümə görünsün və ürəyim bulansın. Ancaq bu, qətiyyən qorxudan irəli gəlmir. Mənə tez-tez suallar verirlər ki, niyə sənin hər sözün partlayışa səbəb olur? Deyirəm ki, qardaş, mən bunu qəsdən etmirəm.

- Maraqlıdır, sözün tərkibinə nə qatırsınız ki, partlayışa səbəb olur? - Çox maraqlıdır e. Orada Nadir sözü var da (gülür). Sözü daş kimi atıram, kimin bostanında düşdü, düşdü. Məsələn, son statusda ad çəkməmişdim. Amma həmin sözü özünə götürənlər oldu. Sabah kimsə durub yazsa ki, on nəfər oğlan belədir. Əgər mən reaksiya versəm, deyəcəklər ki, məgər sənin adını çəkmişəm? 

- İlhamə Quliyeva haqda da tez-tez statuslar paylaşırsız... - O, mənim yaralı yerimdir. Qohum-əqrəbası, bacıları, oğulluğu, dayısı oğlu var. Maraqlıdır ki, sanki, bu adam heç kimin vecinə deyil.

- Sizcə, özü mahnılarını hər kəsin oxumağına razı olardımı? - Razı olmazdı. Çünki onun özünün oxu tərzi var idi, Tükəzban İsmayılova, Həbib Bayramov kimi böyük məktəb görmüşdü. Böyük Fikrət Əmirov onun üçün mahnılar yazmışdı.

- Sizcə, o sağlığında insanlara qarşı çoxmu amansız olmuşdu ki..., (sözümü kəsir-İ.V.)  - İnsanlara  yox, şou-biznesdəkilərin bəzilərinə qarşı sərt idi. Görürdü ki, kimsə çaşır, yerində oturdurdu. Fikir verirsinizmi, indi şou-biznesdə necə xaosdur.

- İndi həmin tənzimləyici funksiyanı kim yerinə yetirir? - Hazırda heç kim yoxdur və olmayacaq.

- Bəs siz həmin yerə iddia edə bilərsinizmi? - Xeyr. Sadəcə, İlhamə xanıma sataşanlara, təhqir edənlərə deyirəm ki, o, haqq dünyasındadır və ayıbdır, bizə yaraşmaz. Hamımız öləcəyik. Yüz yaş yaşaya bilərsən, amma yüz bir yaşda yenə gedəcəksən. Ölünün dalınca danışmazlar. Pis də olubsa, yaxşı da olubsa, o dünyada öz cavabını özü verəcək. Biz kimik ki, İlhamə xanımın yaxşı, yaxud pis olmasını müzakirə edək. Biz ona sənətkar gözüylə baxırıq. 

- Özünüz onun repertuarına müraciət edəcəksinizmi? - Bəli, artıq onun beş mahnısını oxumuşam. Sağlığında həmin mahnıların razılığını almışdım. Deyirdi ki, sən mənim mahnılarımı ifa etməyi bacarırsan. Onsuz da, həmin mahnıları o səviyyədə ifa etmək mümkün deyil. Çünki İlhamə xanım möhürünü vurub. Heç olmasa əsərə toxunmadan, öz ruhumu qoyaraq oxumaq istəyirəm. Çox istərdim ki, müğənnilərimiz oxunmuş əsərlərə müraciət edəndə çox ehtiyatlı olsunlar. 

- "Maral"dan sonra sizin təbirinizcə desək, partlayış edən mahnınınz yoxdur... - "Maral"ı məqsədli oxumamışdım.

- Soruşmaq istədiyim başqa sualdır. Sanki, 3-4 ildir yaradıcılığınızda ciddi boşluq var. Bunun səbəbini soruşmaq istəyirdim.  - Şou-biznesdə boşluq var. Mahnılar var e, amma bir ildən sonra unudulur. "Maral" 2013-cü ildə yazılıb, bu gün də aktualdır və həmin mahnıya görə Rusiyadakı məclislərə dəvət alıram. Bu, həm də milyondan artıq baxış sayı yığan ilk mahnıdır. İndi milyon toplamaq dəbə düşüb və bunu hansı fırıldaqlarla etdiklərini də bilirik. 2013-cü ildə ağlımıza da gəlməzdi ki, bu mahnı səkkiz milyon altı yüz min baxış sayı qazanar. Camaatı duzsuz mahnılarla o qədər doyurdublar, o qədər oxuyancıqlar peyda olub ki... Müğənniciklər onsuz da var idi. Bunlar Azərbaycan xalq musiqisinə düşmən kəsiliblər. Məsələn, meyxana bizim folklorumuzdur. Ancaq bu janrı o günə qoyublar ki, meyxanaya da nifrət yaradıblar. Meyxananın Nizami Rəmzi, Ağasəlim Çıldaq kimi ustadları olub. Gəlin o meyxananı gözdən salmayaq. Düzdür,  meyxana heç vaxt peşəkar janr kimi olmasa da, biz onu efir müsabiqələrinin vasitəsiylə peşəkarlaşdırmışıq.  Çox istərdim ki, muğamımız kimi, meyxanamızı da qoruyaq. Necə ki Heydər Əliyef Fondu muğamımızı qoruyur, dünyaya çatdırır. Həm ifaçı, həm də vətəndaş olaraq, həmin qurumlara dəstək olmalıyıq. Efirə elələrini buraxırlar ki, nəsə səsi yoxdur, nə musiqini bilmir.

- Düşünmürsünüz ki, belə danışdığınıza görə sizi qınayanlar olar? Məsələn, deyə bilərlər ki, özün nə oxumusan ki, kimisə qınayırsan? - Mən çox şeylər oxumuşam. Mənim qədər klassik mahnılar ifa edən az ifaçı var. Səid Rüstəmov, Hacı Xanməmmədov, Emin Sabitoğlu, Cahangir Cahangirovun əsərlərini oxumuşam. Demirəm ki, hamı Səid Rüstəmovdan oxumalıdır. Ancaq heç olmasa bu əsərlər itib batmasın. 

- Prodüser Tolikin Nazpəri Dostəliyevanın başına tac qoymasının niyə sizdə qıcıq yaratmağı barədə danışaq.  - Bəli, qıcıqlandım  və bu barədə Toliklə danışdım ki, düz etmədin. Tolik də həmişə İlhamə xanımın yanında olub.

- Həmin statusda qeyd etmişdiniz ki, İlhamə xanımı şantaj edərək, ürəyini partlatdılar... - Bəli, doğrudan da, onu şantaj edərək, ürəyini partlatdılar. O xanım vaxtında çevrəsini düz seçməmişdi. Yanında ucuz insanlar olurdu.