Qlobal büdcə şəffaflığı indeksi açıqlanıb


İqtisadiyyat 12 Fev 2018 11:18:48 261 0

Qlobal büdcə şəffaflığı indeksi açıqlanıb

Azərbaycan 34 balla 115 ölkə arasında 78-ci yeri tutub

Dünya ölkələrində büdcə şəffaflığını əks etdirən 2017- ci ilin Açıq Büdcə İndeksi (OBI) açıqlanıb. "Report" xəbər verir ki, "International budget partnership" (IBP) təşkilatı tərəfindən hazırlanan "Açıq büdcə indeksi" renkinqi dünya ölkələri hökumətlərinin büdcə üzrə müstəqil və müqayisəli hesabatları əsasında formalaşır.

Qeyd edək ki, renkinq 100 ballıq şkala ilə hesablanıb və 2006-2017-ci illər ərzində OBI 6 dəfə hazırlanıb. Son renkinqin ilk beşliyində Yeni Zelandiya (89/100), Cənubi Afrika (89/100), İsveçrə (87/100), Norveç (85/100), Gürcüstan (82/100) yer alıb. Bu ölkələrin büdcələri geniş məlumat imkanlarına malik hesab edilib.

Rusiya (72/100) balla 115 ölkə arasında 15-ci, Türkiyə (58/100) 32-ci, Qazaxıstan (53/100) 42-ci, Azərbaycan (34/100) 78-ci yerdə qərarlaşıb. Sonuncu sırada (1/100) isə S.Ərəbistanı yer alıb. Sıfır bala sahib olan, lakin hesabatda yer alan 6 ölkə arasında Niger, Venesuela, Ekvatorial Qvineya, Lesoto, Qətər və Yəmən var.

Qeyd edək ki, Azərbaycan bundan əvvəlki, 2015-ci il hesabatında 100 mümkün baldan 51-ə sahib olub. Bu da Azərbaycanın son iki il ərzində 17 bal itirməsi deməkdir. 2006-cı ildə bu göstərici 30/100, 2008-ci ildə 37/100, 2010-cu ildə 43/100, 2012-ci ildə 42/100 təşkil edib.

Ümumiyyətlə, OBI-nin 2015-ci ildə orta qiyməti 45 olub və 2017-ci ildə bu göstərici 2 bənd azalaraq 43-ə düşüb.