Mərkəzi Bank uçot dərəcəsini azaltdı


Digərləri 12 Fev 2018 11:13:00 233 0

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı.

Bakı. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib. Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, faiz dəhlizinin parametrləri haqda qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilib. Bu müsbət meyillərin davam etməsindən asılı olaraq AMB faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mümkün hesab edir. Qiymətləndirmələrə əsasən yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcək. Faiz dəhlizinin parametrlərinın dəyişdirilməsi haqqında qərarı qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti xarici və daxili mühitdə baş verən aşağıdakı prosesləri nəzərə alıb. Xarici mühit. 2014-cü ilin sonundan bəri həyata keçirilən dərin makroiqtisadi manevr və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, eləcə də dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın tədiyə balansının yaxşılaşmasını təmin etmişdir. 2017-ci ilin yekunu üzrə tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 5%-i qədər profisit gözlənilir. Xarici ticarət balansının profisiti 5 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da ötən illə müqayisədə (0.5 mlrd. ABŞ dolları) 10 dəfə çoxdur. İxrac 52%, o cümlədən qeyri-neft ixracı 23% artmışdır. Ticarət balansı ilə yanaşı xidmətlər, eləcə də ilkin və təkrar gəlirlər balansında da yaxşılaşma müşahidə olunmuşdur. Xidmətlər balansının kəsiri əhəmiyyətli azalmış, turizm xidmətləri üzrə müsbət saldo əldə olunmuşdur. Kapital və maliyyənin hərəkəti hesabında da müsbət saldo olmuşdur. Ölkənin tədiyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11%-dən çox artmışdır. Proqnozlara görə xarici mühitdə pozitiv meyillərin 2018-ci ildə də davam edəcəyi gözlənilir. Valyuta bazarı. Tədiyə balansının yaxşılaşması ilə ölkənin valyuta daxilolmalarının artması valyuta bazarında vəziyyəti sabitləşdirmişdir. Bu şəraitdə həyata keçirilən makroiqtisadi siyasət tədbirləri nəticəsində manatın ABŞ dollarına qarşı məzənnəsi 4% möhkəmlənmişdir. 2017-ci ilin ikinci rübündən manatın məzənnəsi əlavə möhkəmlənmə təzyiqləri altında olmuşdur. Manatın məzənnəsinin sabitləşməsi de-dollarlaşma proseslərinə, maliyyə sabitliyinə və inflyasiya gözləntilərinin azaldılmasına müsbət təsir etmişdir. Manatın real effektiv məzənnəsi isə 2014-cü ilin sonundan bəri 36% ucuzlaşmışdır. Bu da idxalın əvəzlənməsi və qeyri-neft ixracının stimullaşdırılmasına müsbət təsir edən amildir.