Ofisiant necə məşhur aparıcı oldu? MARAQLI FAKTLAR FOTO


Digərləri 12 Fev 2018 07:07:00 547 0

Ofisiant necə məşhur aparıcı oldu?  MARAQLI FAKTLAR  FOTO

İzləyicini güldürməkdən və əyləndirməkdən yorulmamaq, onların maraq dairəsini hər zaman təmin etmək və təəccübləndirməyi bacarmaq böyük istedaddır. Sosial şəbəkələrin və blogerlərin televiziya verilişlərinin reytinqini üstələdiyini nəzərə alsaq, aparcıların bu missiyası daha da çətinləşib. Bunun üçün məsuliyyət hissi və peşə sevgisi azdır, gərək işin də səni sevsin.

Məsələn, proqramlarını heyranlıqla izlədiyimiz İvan Urqant bu gün Rusiyada ən çox tanınan və sevilən nömrəbir aparıcılardandır ki, 20 ilik fəaliyyəti ərzində televiziya radio və layihələri həm yüksək reytinq toplayıb, həm də bir insan kimi özünü geniş auditoriyaya sevdirə bilib. Belə görünür ki, peşəsi də onu sevir. Etiraf etmək lazımdır ki, həftənin 5 günü efirdə olan aparıcının nə özü, nə də verilişləri illərdir aktuallığını itirmir. Əksinə təcrübəsi onu son dövrlərin ən populyar televiziya ulduzuna çevirib. Əminliklə demək olar ki, Rusiya televiziyası və şou-biznesi İvansız çox darıxdırıcı olardı!

25-dən çox radio və televiziya verilişlərinin aparacısı olan İvan Urqant dəfələrlə "TEFİ" mükafatının laureatı seçilib. Müətəmadi olaraq keçirilən sorğuların nəticələrinə görə, o, Rusiyanın ən populyar televiziya aparıcısı adını qazanıb. Bəzən onun uğurlarını ya yaraşıqlı, ya da yəhudi olmasıyla əlaqələndirirlər. Bu fikirlərdə məntiq var, lakin İvan Urqant heç vaxt öz yaraşığına güvənən və özünü bəyənən aparıcı olmayıb. Əksinə o, öz nailiyyətləriylə kifayətlənməyən və öz üzərində həmişə işləyən həm istedadlı, həm də intellektual insandır.

Yəhudi əsilli məşhur şoumen, prodüser və aktyor hazırda "Pervıy Kanal"da yayımlanan "Urqantın gecəsi", "Smak"-ın, həmçinin "Projektorperishilton" verilişinin aparıcılığını edir.

Son.az verilişləri Azərbaycanda, eləcə də keçmiş SSRİ ölkələrində də maraqla izlənilən aparıcının həyatı və sevgi hekayəsiylə tanış edir.

Əslən yəhudi olan İvan Urqant 1978-ci il aprelin 16-da Leninqrad şəhərində, aktyor ailəsində anadan olub. Onun atası Andrey Urqant, anası Valeriya Kiselyova, eləcə də babası Lev Milinder və nənəsi Nina Urqant vaxtı ilə Rusiyanın tanınmış aktyorları olub. Urqantın valideynləri o, körpə ikən ayrılıb. Valideynləri boşandıqdan sonra o, anası və atalığı - Leninqradlı aktyor Dmitri Ladıginlə birlikdə yaşayıb.

Urqant Leninqradda yerləşən Dövlət Rus muzeyinin nəzdindəki Rusiya gimnaziyasında, həmçinin 18 saylı uşaq musiqi məktəbində təhsil alıb. 1995-ci ildə gimnaziyanı bitirdikdən sonra birbaşa Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının ikinci kursuna qəbul olub. Urqant aktyor təhsili aldıqdan sonra teatr karyerasını davam etdirmək istəməyib, lakin etiraf edib ki, aldığı dram aktyoru təhsili ona teleaparıcı peşəsində çox kömək edib. Bununla belə İvan Urqant 1996-cı ildən günümüzədək müxtəlif filmlərdə aktyor kimi çəkilib. Onun filmoqrafiyasında - "Yolkalar" və "Vısotski. Sağ ol ki, yaşayırsan" kimi filmlər var. Ümumilikdə aktyorun filmoqrafiyasında 20-dən çox film var. Urqant bədii filmlərlə yanaşı, sənədli filmlərdə də çəkilib. O, Vladimir Poznerlə birlikdə müxtəlif ölkələrdən bəhs edən çox seriyalı 7 sənədli filmdə aparıcı kimi çıxış edib.

Urqant hələ akademiyada oxuduğu zaman və diplomunu aldıqdan sonra, özünü maddi baxımdan təmin etmək üçün barmen, ofisiant, gecə klublarında aparıcı və o cümlədən Jan-Mişel təxəllüsü altında striptiz klubda aparıcı işləyib. O, sonralar striptiz klubda aparıcı işləməsini belə xatırlayıb:

"Striptiz-barda mən ekstremal şərtlər altında işləyirdim. Belə məkanlarda aparıcıya diqqəti özünə cəlb etmək çox çətindir. Bundan başqa, mən heç vaxt həyatımda bu qədər çılpaq qadın görməmişdim".

İvan Urqant 2012-ci ilin payızından indiyədək Pervıy kanalın efirində yayımlanan "Gecə şousu" formatında olan "Urqantın gecəsi" verilişinin aparıcısıdır. Tənqidçilər "Urqantın gecəsi" layihəsini "kreativ sinfin" baxdığı yeganə teleşou adlandırırlar. Urqantın sözlərinə görə, bu verilişin yaradılmasında əsas məqsədi izləyiciləri neqativ fikirlərdən uzaqlaşdırmaqdır:

"Biz heç vaxt reytinq toplamaq üçün verilişə gələn populyar qonaqlardan bəhanə kimi istifadə etməmişik. Onlara zarafat obyekti kimi baxmamışıq. Bizdə məcburiyyət və mütləqlik yoxdur, qonaqlarla birlikdə xoş atmosfer yaradıb tamaşaçılara da müsbət enerji ötürmək istəyirik. Özümün cavab vermək istəmədiyim sualları qonaqlarıma verə bilmərəm. Ola bilsin ki, kimlərsə bunu edir. Mənsə yox, çünki qonaqlarımı çıxılmaz vəziyyətdə salanda özümü narahat hiss edirəm. Hətta qarşımda ən pis insan olsa belə. Düzdür, qarşımda belələri çox nadir hallarda olur. Amma yenə də alınmır. Bacardığım qədər həmişə çalışmışam ki, qonaqlarımız yenidən verilişə gəlmək istəsin. Bu, adi müsahibə deyil, xoş söhbətdir. Əsas məqsədimiz odur ki, insanlar bizə baxdıqdan sonra çarpayısına xoş əhval-ruhiyyə ilə uzansın. Xoş əhvalda yatan insan səhər yuxudan da enerji ilə oyanır. Bu isə o demək ki, onun günü də əla keçəcək".

Rus gözəllərini yasa batıran yaraşıqlı aparıcı

Urqant və onun həyat yoldaşı Natalya Kiknadze Rusiya şou-biznesinin ən əsrarəngiz və nümunəvi cütlüklərindən biridir. İvan xanımı ilə münasibəti barədə heç vaxt əhatəli müsahibə verməyib, ümumiyyətlə, şəxsi həyatını yad gözlərdən həmişə gizlətməyə çalışıb, bu işdə onun əsl xilaskarı yumor hissidir. O, şəxsi həyatı haqqında verilən sualları zarafata salaraq onlardan ustalıqla yayınır. Natalya özü də mətbuat və tədbirlərdən uzaq durmağa üstünlük verir. Amma onların məhəbbət tarixçəsi xüsusi diqqətə layiqdir. Axı İvanla Natalya məktəb vaxtından tanış olub. Bununla belə bir-birinə aid olduqlarını çox gec anlayıblar.