“Bir varlı qoca vardı, mənə gülün yarpaqlarını təktək sildirirdi…”


Digərləri 11 Fev 2018 15:12:00 461 1

“Bir varlı qoca vardı, mənə gülün yarpaqlarını təktək sildirirdi…”

Son.az bildirir ki, fevralın 9-da Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva da mənzilində ölü tapıldı. Ağakişiyeva Yasamaldakı mənzildə tək yaşayırmış. Aktrisadan xəbər ala bilməyən yaxınlarının müraciəti ilə FHN-in xilasetmə xidməti qapını açıb, 73 yaşlı aktrisanın vəfat etdiyi məlum olub. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.

Bağlı qapı arxasında köməksiz qalan, yaxud vəfat edən və bundan günlərlə heç kim xəbər tutmayan tənha qocalar haqda lentlərində adi, quru xəbər formasında verilən məlumatlara tez-tez rast gəlirik. Öz evində tənhalığa məhkum olanların əksəriyyəti baxımsızdır, yardım göstərəcək birilərinə möhtacdılar. Adətən qərb ölkələrində tənha yaşayan ahıllara QHT-lər, sosial institutlar nəzarət edir, onların ehtiyaclarını ödəyirlər. Azərbaycanda isə qocalar evi, küçələrdə qalan kimsəzsizlər üçün sığınacaqlar fəaliyyətdədir.

Bəs evi olan tənha ahıllara nəzarət varmı? Onların problemləri necə həll olunur? Ölkədəki çoxsaylı QHT-lərin arasında ahılların problemlərinə köməklik gösrətən, bu sahədə layihə həyata keçirən varmı?

Belə məlum olur ki, Azərbaycanda öz evində tənha yaşayan ahıllara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri yardım edirlər. Nazirlər Kabineti tək yaşayan ahıllara göstərilən xidmətlər və xidmətlərə görə vaxt müəyyənləşdirilib, onlara həftədə 2 dəfə olmaqla yardım edilir. Digər günlər isə sosial işçilərin insafına qalır, kim istəsə himayəsinə verilən ahılın yardımına könüllü gedə bilər.

Həftədə 2 dəfə, 2 saat...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov deyir ki, həftədə 2 dəfə 2 saat xidmət ahıllara kifayət edir. Bu vaxt ərzində sosial işçilər evi təmizləyir, həftəlik ərzaq ehtiyaclarını alır, yemək bişirirlər. Bəzən ehtiyacı olan qocaları həkimə aparırlar.

"Hazırda 1205 sosial işçi 10 min 964 ahıla xidmət edir. Onlardan 8 min 627-si 70 yaşdan yuxarı olanlardır. Tənha yaşayan ahılların siyahısı var. Amma onlara yardım göstərmək üçün mütləq həmin şəxsin özü və ya qonşuları tərəfindən nazirliyə rəsmi müraciət edilməlidir. Qanuna əsasən eyni yaşayış məntəqəsində əmək qabiliyyətli qohumları ilə birgə yaşamayanlara sosial xidmət göstərilir", -şöbə müdiri virtualaz.org saytına söyləyib.

V.Behbudov sözlərinə görə, hər xidmətin konkret vaxtı var. Məsələn, xəstənin yedizdirilməsi, qabların yuyulması ayda 8 dəfə olur. 1 sosial işçiyə 8-12 ahıl düşür. Ahıl şəxslər də öz işlərini sosial işçilərin iş qrafikinə uyğunlaşdırırlar.

Bağça müdirinin acınacaqlı taleyi...

Dövlət Sosial Müdafiə Fondunun Sabunçu şöbəsinin Sosial xidmət sektorunun işçisi Qizbəs Şirinova deyir ki, müxtəlif xarakterli, müxtəlif taleyi olan qocalarla rastlaşıb. Bəziləri vaxtı ilə yüksək vəzifədə çalışıb, var-dövlət içərisində yaşayıb. Amma sonradan yaxınları ölüb, kimsəsiz qalıb.

"Heç kim həyatda faciələrdən sığortalanmayıb. 9 qocaya baxıram, onlardan ikisi yataq xəstəsidir, biri isə gözdən əlildir. Bir neçəsinin yaşı 80-ni ötüb. Qaydalara görə hər gün 4 nəfərin evinə getməliyəm, amma əlil olan, yataqdan dura bilməyənlərin evinə hər gün gedirəm. Yalnız onu fikirləşirəm ki, bu həyat mənim də başıma gələ bilər. Onların evinə baş çəkməsəm ac-susuz qalarlar"-Q.Şirinova deyir.

Həmsöhbətimiz danışır ki, uzun illər bağça müdirəsi işləmiş qocanın ölümü onu çox sarsıdıb: "Qadın ailə həyatı qurmamışdı. Şəkər xəstəsi olandan sonra ayağının birini kəsmişdilər, qohumları aylarla qapısını açmırdı. Halbuki imkanlı olanda bütün qoyhumlarına yardım edibmiş. O qadının ölümü məni çox təsirləndirdi, çünki digərlərinə bənzəmirdi".

Q.Şirinovanın himayə etdiyi tənha qocaların əksəriyyətinin övladı olmayıb. Aralarında eləsi var ki, həyat yoldaşının ölümündən sonra ailə qurmaq istəməyib. Deyir ki, insan yaşlaşdıqca xarakteri dəyişir, bəzisi kövrək, bəzisi də aqressiv olur.