Bakıda içərisində sərnişinlər olan avtobus yandı


Digərləri 11 Fev 2018 13:02:00 267 0

Bakıda içərisində sərnişinlər olan avtobus yandı

Bu gün 173 nömrəli marşrut xətti üzrə hərəkət edən 10TF 379 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusunda yanğın hadisəsi olub.

Son.az bildirir ki, hadisə vaxtı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb. İlkin məlumata görə, yanğın avtobusun mühərrik hissəsindəki texniki nasazlıq səbəbindən baş verib. 

Məlumat üçün bildiririk ki, 173 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" MMC tərəfindən göstərilir. İstehsalat bazasına malik olmasına baxmayaraq müəssisənin nəqliyyat vasitələri sərnişindaşıma tələblərinə cavab vermir. Həmçinin bazada avtobusların təmiri, gündəlik texniki baxışla bağlı məsələlər düzgün yerinə yetirilmir. Qeyd edilən nöqsanlarla xüsusən də avtobuslarının texniki baxımdan yararsız olması ilə bağlı Bakı Nəqliyyat Agentliyi dəfələrlə "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" MMC-yə xəbərdarlıqlar edib. Sərnişindaşıma fəaliyyətinə səhlənkar münasibət sərnişinləri də ciddi narahat edir və gün ərzində 141 Çağrı Mərkəzinə "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" MMC-nin istismarında olan marşrut xətləri üzrə çoxsaylı şikayətlər daxil olur. Bu səbəbdən də son bir ildə bir neçə marşrut xəttinin istismarına dair bu müəssisə ilə imzalanan müqaviləyə xitam verilib. Buna baxmayaraq müəssisə tərəfindən avtobusların əsaslı təmir edilərək saz vəziyyətə gətirilməsi istiqamətində heç bir təsirli tədbir görülməyib.