Çuğundur bişmiş halda da faydalı keyfiyyətlərini itirmir


Digərləri 10 Fev 2018 20:05:00 362 0

Çuğundur bişmiş halda da faydalı keyfiyyətlərini itirmir

Bəzi bölgələrdə zılx, pazı adı ilə tanınan çuğundurun ölkəmizdə dörd növü becərilir. Onun yarpaqları heyvandarlıqda qiymətli yem kimi istifadə olunur. Kökləri açıq ocağın üstündə bişirilərək yeyilir. Ağ rəngli kök yumrusu olan çuğundur isə şəkər istehsalında əsas xammal rolu oynayır. Bir çox ölkələrin kulinariyasında çuğundurun kökmeyvələri və yarpaqlarından borş, salat, desert, şoraba və marinadların hazırlanmasında istifadə edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bizim eradan əvvəl I-II minillikdə Aralıq dənizi sahillərində çuğunduru həm tərəvəz, həm də müalicəvi bitki kimi əkib-becərmişlər. İkiillik bitki olan çuğundurun mədəni və yabanı sortları var. Çuğundurun kökmeyvəsinin tərkibində olan maqnezium yüksək qan təzyiqini azaltmaq, şiş hüceyrələrinin inkişafının qarşısını almaq kimi mühüm funksiyaları yerinə yetirir. Maqneziumla yanaşı tərkibindəki yüksək miqdarda yod sayəsində ateroskleroz və qalxanvari vəz xəstəliklərinin müalicə və profilaktikasında tətbiq edilir. Çuğundur təbii liflərlə zəngin olduğuna görə bağırsaqlarda yığılan ziyanlı maddələrdən təmizləyir. Çuğundurun şirəsi xroniki mədə-bağırsaq xəstəliklərində çox faydalıdır. Yarpağını və özünü bişmiş halda yemək dalaq, böyrək və sidik kisəsi xəstəlikləri üçün münasibdir. Ona bir qədər də xardal və sirkə əlavə etmək daha faydalı təsir göstərir.

Çuğundur və onun yarpağının suyu bəlğəmgətirici xüsusiyyətə malikdir. Yarpağını bişmiş halda dəri üzərinə yaxmaq od yanığı, sızanaq və qızıl yel xəstəliyi üçün, xam yarpağının təpitmə şəklində qoyulması tük tökülməsinə və oynaq ağrılarına qarşı faydalıdır.

Kök şirəsi ilə çuğundur şirəsini qatmaqla "sağlamlıq eliksiri" hazırlanır. Onun tərkibinə kərəviz, alma və xiyar şirəsi əlavə edilib qəbul olunması orqanizmin sağlamlıq vəziyyətini yüksəldir. Xalq təbabətində çuğundur şirəsini balla qarışdırıb vərəm və qanazlığında istifadə edirlər. Tərkibinin zənginliyinə baxmayaraq çuğundur azkalorili tərəvəzlərə aiddir. Həmin xüsusiyyətlərinə görə arıqlamaq üçün tətbiq edilən pəhrizlərdə geniş istifadə edilir.