​“Bıçaqla hədələdim, özündən getdi”


Kriminal 10 Fev 2018 14:45:00 302 0

​“Bıçaqla hədələdim, özündən getdi”

Paytaxtın Nizami rayonunda yaşlı qadına qarşı quldurluq edilib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, bu barədə zərərçəkən Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə məlumat verərək bildirib ki, yanvarın 31-də Nizami rayonu R.Rüstəmov küçəsi 47 ünvanında yerləşən mənzilinə keçmiş qonşusu Kirill adlı şəxs su istəmək adı ilə daxil olub. Daha sonra həmin şəxs ona bıçaqla hədə-qorxu gələrək sol əlinə xəsarət yetirib və mənzildə olan qiymətli əşyaları götürərək hadisə yerindən qaçıb. Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə ötürülən kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kirill Bakutov saxlanılıb və o, ifadəsində törətdiyi cinayəti etiraf edib. Kirill Bakutov (saxlanılan şəxs): "Qadını bıçaqla hədələdim. Özündən getdi. Əşyaları götürüb çıxıb getdim. Ucuz qiymətə satmışam". Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Nizami RPİ-yə müraciət edə bilərlər.


Xəbərə aid foto