Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək


İdman 10 Fev 2018 10:19:00 252 0

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start veriləcək.

Goal.az-ın məlumatına görə, elita təmsilçiləri yeni ildə ilk rəsmi oyunlarını XV tur çərçivəsində keçirəcəklər. Həftənin matçları iki günü əhatə edəcək.

İlk görüş Zirə İdman Kompleksinin stadionunda olacaq. Qış fasiləsində təlim-məşq toplanışı üçün yollandıqları Türkiyənin Antalya şəhərində eyni oteldə məskunlaşan “Zirə” və “Sumqayıt”ın dueli maraqlı mübarizə vəd edir. Komandalar turnir cədvəlində qonşu olsalar da, arada 10 xallıq fərq var. Hazırda 30 xalla 3-cü sırada qərarlaşan zirəlilər çempionluq yarışından qopmaq istəmirlər. Lakin avrokuboklara düşməyi hədəfləyən qonaqlar da qələbə qazanmaq əzmindədirlər.

Bu kollektivlər arasında ilk iki dövrədə baş tutan görüşlərdə meydan sahibləri qalib gəliblər (3:1, 1:2). Son 4 oyunda meydanı qolsuz tərk etməyən “Zirə” evdəki son 2 matçda qələbə qazanıb. Qəsəbə təmsilçisi çempionatdakı görüşlərin balansında da üstündür: 5 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət.

Günün digər matçı turun mərkəzi oyunu statusunu daşıyır. Ötən mövsüm olduğu kimi cari çempionatda da qızıl medallar uğrunda mübarizə aparan “Qarabağ”la “Qəbələ” “Azərsun Arena”da qarşılaşacaqlar.

Mövcud tablo oyunun olduqca gərgin keçəcəyini söyləməyə əsas verir. Hazırda 37 xalla lider olan Ağdam təmsilçisi ikinci sıradakı “qırmızı-qaralar”ı 6 xal qabaqlasa da, hansısa komandanı favorit qismində ön plana çıxarmaq çətindir. Hərçənd ilk iki dövrədə meydan sahibləri qələbəni bayram edən tərəf olub (2:1, 0:1). Ümumiyyətlə, Son 7 qarşılaşmada meydan sahibi uduzmayıb. “Qarabağ” son 5 ev oyunundan xalsız ayrılmayıb. Ağdam klubu indiyə qədər çempionatda 38 dəfə üzləşdiyi qəbələliləri 17 dəfə məğlub etdiyi halda, 10 matçdan məğlub ayrılıb.

“Qarabağ” və “Qəbələ” qış fasiləsində transfer bazarında passivlikləri ilə diqqət çəkiblər. Dino Ndlovu kimi aparıcı futbolçusunu Çin klubuna satan ağdamlılar heyətə yeni sima cəlb etməyiblər. Endi Hallidey, Deyv Bulthuis, Ekiqo Ehiosun, Tellur Mütəllimov kimi oyunçularla vidalaşan “qırmızı-qaralar” isə yalnız Təmkin Xəlilzadəni komandaya götürməklə kifayətləniblər.

Mərkəzi oyun ərəfəsində “Qarabağ”ın heyətində uzun müddətə sıradan çıxan Bədavi Hüseynovla yanaşı, Qara Qarayev, Miçel Madeyra və Əfran İsmayılov zədədən əziyyət çəkirlər. Bu “üçlüy”ün meydana çıxıb-çıxmayacağı dəqiq deyil. “Qəbələ”də isə bir neçə gündür xəstə olan Cavid Hüseynovun durumu sual altındadır.

Azərbaycan Premyer Liqası

XV tur

10 fevral (şənbə)

16:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Rövşən Əhmədov

Zirə İdman Kompleksinin stadionu

19:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

“Azersun Arena”