Deputat: "Azərbaycan xalqı aprelin 11də bir daha sabitliyə, inkişafa “hə” deyəcək"


Siyasət 10 Fev 2018 09:05:00 305 0

Deputat: "Azərbaycan xalqı aprelin 11də bir daha sabitliyə, inkişafa “hə” deyəcək"

Azərbaycan xalqı birmənalı olaraq, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasətinin alternativini görmür. Buna görə də təbii ki, xalq aprelin 11-də bir daha tərəqqiyə, sabitliyə, davamlı inkişafa "hə" deyəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputatın sözlərinə görə, YAP-ın VI qurultayında cəmiyyətin, ictimaiyyətin, ziyalıların bir sözlə, bütün təbəqələrin təmsilçiləri aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın prezidentliyə yeganə namizədinin İlham Əliyev olduğunu söyləyiblər.

M.İbrahimqızı qeyd edib ki, Azərbaycan xalqının 2003-cü ildə etdiyi seçim nəticəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə çox böyük işlər görülüb, yeni layihələrə imza atılıb, iqtisadi inkişafa nail olunub.

Deputat əlavə edib ki, dövlət başçısının apardığı xarici siyasət nəticəsində beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Ermənistanı isə işğalçı dövlət sayan qərarlar qəbul ediblər. Bununla yanaşı, Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticarət yollarının çoxunun birləşdiyi əlverişli logistik mərkəzə çevrilib.

Tarixi "İpək yolu"nun gerçəkləşməsində İlham Əliyevin xüsusi xidmətinin olduğunu vurğulayan M.İbrahimqızı bütün bunların həm Azərbaycanın beynəlxalq aləmə verdiyi töhfə, həm də beynəlxalq ictimaiyyətin Azərbaycana olan münasibətinin göstəricisi olduğunu nəzərə çatdırıb.

Qeyd edək ki, fevralın 8-də YAP-ın VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Qərar yekdilliklə qəbul olunub.