Smartfon satışları azalır


Digərləri 10 Fev 2018 07:51:00 290 0

Smartfon satışları azalır

"IDC" analitik şirkətinin hesabatına görə, 2017-ci ildə dünya bazarına tədarük edilmiş smartfonların həcmi 2016-cı illə müqayisədə 0,1% azalaraq 1,47 milyard qurğu təşkil edib. Bu, 2009-cu ildən bəri qeydə alınmış ilk belə azalmadır.

Son.az ICTnews-a istinadən bildirir ki, yuxarıda adıçəkilən analitik şirkətdən bildirilib ki, dünya bazarında qeydə alınmış azalma Çin və ABŞ-da smartfonlara tələbatın azalması ilə izah edilir. Məsələn, ötən il Çində 2016-cı illə müqayisədə 4,9% daha az smartfon satılıb və dördüncü rübdə satış həcmi 15,7% azalıb. Bundan əvvəl analitiklər çinli istifadəçilər arasında smartfonlara tələbatın azalmasını yeni qurğu modellərinin istehlakçılarda maraq doğurmaması ilə izah ediblər.

"Mobile Research Group" şirkətinin aparıcı analitiki Eldar Murtazinin sözlərinə görə, ABŞ-da abunəçilər smartfonları, bir qayda olaraq, mobil operatorlarla müqavilə bağlayaraq satın alırlar. Buna uyğun olaraq, mobil şirkət hər il öz abunəçisinin köhnə aparatını daha müasiri ilə əvəz edir. Lakin ABŞ-ın smartfon bazarı öz pik nöqtəsinə çatıb və yeni abunəçilər olmadığından smartfonların tədarük həcmi azalmaqdadır.