Şahin Mustafayev: "2017ci ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsi 30% artıb"


Digərləri 09 Fev 2018 22:52:00 248 0

Şahin Mustafayev: "2017ci ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsi 30% artıb"

2017-ci ildə Azərbaycan və İran arasında ticarət dövriyəsi 30% artıb. Bunu Bakıda İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə təşkil olunan ziyafətdə ölkəmizin iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Son.az Trend-ə istinadən bildirir ki, nazir qeyd edib ki, Azərbaycan və İran xalqlarını möhkəm tarixi dostluq əlaqələri və ortaq mənəvi dəyərlər birləşdirir.

"Dövlət başçıları arasında səmimi dostluq və qarşılıqlı hörmət sayəsində əlaqələrimiz yeni mərhələyə qədəm qoyaraq bu gün ən yüksək səviyyəyə qalxmışdır. 2014-cü ilin 23 yanvar tarıxındə İsveçrənin Davos şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, İran Prezidenti Həsən Ruhaninin ilk görüşündən etibarən ikitərəfli və çoxtərəfli əməkdaşlığımız üçün güclü iradə nümayiş etdirilmiş və ötən dövr ərzində bütün istiqamətlər üzrə sürətli inkişafa nail olunmuşdur. Son 4 ildə dövlət başçılarının 10 görüşü, habelə dövlət rəsmilərinin 100-dən artıq qarşılıqlı səfərləri baş tutmuş, ölkələrimiz arasında hüquqi baza möhkəmlənərək, 40-dan artıq yeni əməkdaşlıq sənədləri imzalanmışdır".

Ş.Mustafayevin sözlərinə görə, bu dövrdə iqtisadi əlaqələrimiz genişlənib, investisiya və ticarət sahəsində mühüm irəliləyişlər əldə olunub: "2017-ci ildə ticarət dövriyəmiz 30% artmışdır. Neftçala Sənaye Məhəlləsində müştərək avtomobil istehsalı, Pirallahı Sənaye Parkında isə əczaçılıq zavodları kimi layihələr uğurla həyata keçirilir".