Azərbaycana dadlı səyahət FOTO


Digərləri 09 Fev 2018 21:30:00 602 0

Azərbaycana dadlı səyahət  FOTO

Azərbaycanlılar ağızlarının dadını bilirlər. Özü də burada əsl Azərbaycan yeməkləri çoxmillətli ölkəmizin mətbəxi ilə harmoniya yaradır. Bu dəfə biz qədim Şamaxı, habelə ləzgilərin və talışların yaşadıqları Qusar və Masallı regionlarının kulinariya xüsusiyyətləri ilə tanış olacağıq.

Şamaxı - 290 növ təam

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Şamaxı kulinariyası plovun 46, dolmanın 14, kababın 16, qutabın 12 növü ilə çox zəngin və məşhurdur. Şamaxı mətbəxinin zənginliyini nümayiş etdirmək üçün tarixdən bir faktı xatırlamaq kifayətdir. 1662-ci ildə məşhur ingilis səyyahı və taciri Antoni Cenkinson Şirvan hökmdarı Abdulla Xan Ustaclıya qonaq olarkən milli mətbəxin çeşidinə heyran qalmışdı. Xan onu nahara dəvət etmiş, süfrəyə 290 adda milli isti və soyuq yemək, salat, qəlyanaltı və çərəz düzülmüşdü.

Bu gün Şamaxıda ən geniş yayılan milli xörəklər şüyüdplov, parçabozbaş, yarpaq dolması, səbzi və müxtəlif növ kabablardır. Desert üçün sizə keşniş toxumları qatılmış limon şərbəti və boşqabda sucuq veriləcək. Sucuq buğda nişastasına şəkər, qoz və meşə fındığı əlavə edilməklə hazırlanır.

Qusar - piçekar, xran fu və skan

Azərbaycanın Qusar rayonunda yaşayan ləzgilər qədim tarixi və zəngin mətbəxi ilə məşhurdur. Qusar rayonunun hər kafesində, eləcə də ləzgilərin yaşadığı digər regionlarda siz piçekar, aluqu və ya şakuku sifariş verə bilərsiniz. 

Qoyun və ya mal ətindən hazırlanmış sulu yemək sizə xüsusi ləzgi sobasında (xərək və ya xar) bişirilmiş çörək - xran fu ilə veriləcək. Azərbaycan təndirini xatırladan bu soba ondan fərqli olaraq dördkünc formadadır. Özü də bu sobada təkcə çörək deyil, ləzgi mətbəxinin digər xəmir xörəkləri də bişirilir.

Xərəkdə bişirilmiş çörək otaq temperaturunda 7 gün, soyuducuda isə 15-20 gün və daha çox qalır. Hazır xəmiri kiçik kündələrə bölüb yayır, xəmirə istinin daxil olması, tez bişməsi və xüsusi forma alması üçün onu quş lələkləri ilə deşirlər. Çörək sobada beş dəqiqə bişirilir. Bəzən çörəyi xərəkdən tam bişməmiş çıxarır, üstünə pendir və yumurta ("ləzgi pastası") çəkir və bir neçə dəqiqə yenidən bişməyə qoyurlar.

Bu yerlərdə, həmçinin ləzgi qutabı - afar bişirilir. Xəmirdən nazik yuxa (lavaş) yayılır, içinə həyətyanı sahədən və dağlardan yığılmış xırda göyərti, bərk pendir, şor qarışığı qoyulur, üstünə daha bir yuxa çəkirlər. Xərəkdə bişirilən afar bənzərsiz dadı ilə seçilir.


Xəbərə aid fotolar