Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar SİYAHI


Digərləri 09 Fev 2018 19:58:00 285 0

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar  SİYAHI

2018-ci ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin yanvar ayına nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 5,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,9 faiz bahalaşıb.

Son.az Trend-ə istinadən bildirir ki, cari ilin yanvar ayında 2017-ci ilin dekabr ayına nisbətən ərzaq məhsullarının qiymətləri 0,5 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,8 faiz ucuzlaşıb. Nəticədə istehlak məhsullarının və xidmətlərin ümumi indeksi 100 faiz səviyyəsində olub.

Dekabr ayı ilə müqayisədə yanvar ayı ərzində qoyun ətinin, südün, pendirin, kərə, zeytun və marqarin yağlarının, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, soğanın, kartofun, çay, qəhvə və kakaonun qiymətlərində bahalaşma, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq və mal ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.