Prezident İlham Əliyev: Azərbaycan Avropa idman və futbol yarışlarına ev sahibliyi edəcək ölkələrdən birinə çevrilir


Siyasət 09 Fev 2018 19:18:00 277 0

Prezident İlham Əliyev: Azərbaycan Avropa idman və futbol yarışlarına ev sahibliyi edəcək ölkələrdən birinə çevrilir

Biz artıq mötəbər beynəlxalq, Avropa idman və futbol yarışlarına ev sahibliyi edəcək dünya ölkələrinin birinə çevrilirik.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Futbol üzrə dünya çempionatının Kubokunun əsli təqdim edilərkən deyib.

Dövlət başçısı bildirib: "Biz Azərbaycanın və Bakının turnenin keçirildiyi ölkə və şəhərlərdən biri kimi seçilməsindən qürur duyuruq. Bu, bizim üçün həqiqətən də böyük şərəfdir. Bu gün bu, böyük bir hadisə olacaq və mən əminəm ki, azarkeşlər bu Kuboka baxmaqdan çox məmnun olacaqlar. Mən sizin icazənizlə bu kuboka toxundum. Mən bilirəm ki, Kuboka yalnız çempionlar və dövlət başçıları toxuna bilərlər. Əminəm ki, tariximizdə ilk dəfə qeyd etdiyimiz bu əlamətdar hadisə futbolumuzda, oyunçularımızda daha da böyük həvəs oyadacaq, dünyada bu ən məşhur idman növünün Azərbaycanda inkişafına kömək edəcək. Biz futbolun, idmanın inkişafına kömək etməyə çalışırıq".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın idman sahəsində yaxşı nəticələri var:

"Keçmiş Rio Olimpiya Oyunlarında Azərbaycan yığması ümumi medal sayına görə dünyada 14-cü yeri tutmuşdur. Biz iki mötəbər beynəlxalq idman yarışına - Avropa Oyunlarına və İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişik və bu oyunlarda komandamız medal sayına görə müvafiq olaraq ikinci və birinci yerləri tutmuşdur. Biz Bakıda futbol üzrə Avroliqanın finalına və futbol üzrə Avropa çempionatının dörddəbir finalına və bir neçə qrup oyunlarına ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Əlbəttə ki, bunu biz dostluq və FIFA-ya hörmət əlaməti hesab edirik. Sizdən bizim qonağımız olmuş FIFA-nın prezidenti cənab İnfantinoya salamlarımı çatdırmağı xahiş edirəm. Biz hamımız bu tarixi günü xatırlayacağıq".

Son.az