Binəqədi Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib FOTO


Digərləri 09 Fev 2018 18:46:00 523 0

Binəqədi Rayon İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib   FOTO

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2017-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Azay Quliyev, Kamaləddin Qafarov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak edibər.

Tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Binəqədi Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb.

X.İsgəndərov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2017-cı il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi. Natiq çıxışında bildirdi ki, artıq 27-ci ildir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir. Qeyd etmək yerinə düşər ki, müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır.

Natiq bildirdi ki, Binəqədi rayonu da ölkədə aparılan uğurlu siyasətdən öz payını götürdü, Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində rayonumuz daha da çiçəkləndi, vətəndaş məmnunluğuna hesablanan dövlət siyasəti həyata keçirildi.

Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı 2017-ci ildə təkcə rayon mərkəzində deyil, digər yerlərdə - Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, Sulutəpə və 28 May qəsəbələrində də genişmiqyaslı abadlıq işlərinin görülməsini, xeyli sayda park və xiyaban salınmasını diqqətə çatdırıb. Bildirib ki, "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Binəqədi rayonunda görülən işlər uğurlu nəticəsini verməkdədir.

Getdikcə paytaxtın ən inkişaf etmiş yaşayış zonalarından birinə çevrilən rayonda sakinlərlə icra hakimiyyətinin sıx təmasda olması, mütəmadi qaydada təşkil edilən səyyar görüşlər mövcud problemlərin uğurlu həllinə rəvac verir.

Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində qəsəbələrarası və məhəllədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, bu istiqamətdə işlər bu gün də davam etdirilməkdədir. Rayonda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların firavan yaşayışı üçün zəruri infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunub.

2017 -ci il ərzində Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq rayon ərazisində mövcud olan çoxmənzilli yaşayış binalarının giriş və dam örtüklərində əsaslı təmir işləri həyata keçirilmişdir. Ümumilikdə, müxtəlif ünvanlarda 98 bina girişi təmir edilmiş, 17 binanın 17090 m2 yumşaq dam örtüyü və 25398 m2 fasad hissəsi əsaslı təmir edilmişdir.Rayonun müxtəlif qəsəbələri və mikrorayonlarında ümumilikdə 221500 m2 asfalt örtüyü salınmışdır.

Ötən dövr ərzində 75 lift cari, 6 liftin böyük mühərriki əsaslı təmir edilmiş və 513 liftin maşın şöbəsi kənar əşyalardan təmizlənmişdir.

Bundan əlavə "Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında" Azərbaycan Respubliası Prezidentinin 11 noyabr 2016 -cı il tarixli sərəncamının tələblərinə uyğun olaraq Binəqədi şossesində yağış sularının kənarlaşdırılması məqsədilə I Mədən, korpus 43 ünvanında açıq kanal ləğv edilərək müxtəlif diametrli 2750 paqonometr kanalizasiya xətti, həmin ərazidə yaşayan əhalinin su təchizatının yaxşılaşdırılması üçün müxtəlif diametrli 2800 paqonometr yeni su xətti çəkilərək istifadəyə verilmişdir. Qeyd olunan işlər başa çatdırıldıqdan sonra "Azəravtoyol" ASC tərəfindən şosenin asfaltlandırılması işləri aparılmışdır. Asfalt işləri yekunlaşdırıldıqdan sonra Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümumilikdə Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Binəqədi rayon ərazisinə düşən hissəsində -Binəqədi-Balaxanı yolunda və həmçinin Binəqədi şosesində 5.4 km məsafədə asfalt örtüyü çəkilmiş və yolun kənarında abadlıq işləri aparılmış, əraziyə 10270 m2 çəmən örtüyü salınmış, 600 ədəd müxtəlif növ ağac və kollar, 11237 ədəd gül-çiçək kolları əkilmişdir.