İranda etiraz aksiyaları: üç təhlükəli geosiyasi ssenari


Dünya 09 Fev 2018 18:18:00 408 0

İranda etiraz aksiyaları: üç təhlükəli geosiyasi ssenari

Yaxın Şərqdə bir çox dövlətlərin münaqişələrə və ixtilaflara cəlb olunması səbəbindən bütövlükdə dünya siyasəti təhdidlərlə üzləşməkdədir. Təəssüf ki, bu proses nəinki zəifləyir, hətta yeni məzmun çalarları da alır.

Son.az newtimes.az-a istinadən xəbər verir kiİranda baş qaldıran etiraz aksiyaları bu baxımdan ekspertlərin diqqətini daha çox çəkir. Prosesin geosiyasi aspekti xeyli dərəcədə düşündürücüdür. Siyasətçilər baş verənlərə öz münasibətini bildiriblər. Burada iki düşərgə formalaşmaqdadır. Bir qrup dövlətlər İranda etirazçıları dəstəkləyir, onlara yardım edirlər. Digər qrup ölkələr isə İranın daxili işlərinə qarışmağın düzgün olmadığını qeyd edirlər. BMT məsələyə öz münasibətini bildirərək, Tehranı aksiyalarda iştirak edənlərə qarşı korrekt davranmağa çağırıb. Bütövlükdə kifayət qədər mürəkkəb vəziyyət yaranıb və proseslərin mümkün inkişaf ssenarilərinin geosiyasi analizi aktuallıq kəsb edir.

Küçələrdə toqquşma: barrikadanın hər iki tərəfinə eyni baxış

Ekspertlər İranda daxili vəziyyətin gərginləşə biləcəyi haqqında xeyli zamandır proqnozlar verirdilər. Başlıca arqument kimi Amerikanın orada qarışıqlıq yaratmaq istəyi və İsrailin İranı əsas rəqib görməsini gətirirdilər. Artıq İranda daxili vəziyyətin gərginləşməsi bir fakt olaraq qəbul olunur. Maraqlıdır ki, Tehran bu məsələdə açıqca İsrail və ABŞ-ı ittiham edir. Donald Tramp da çəkinmədən İrandakı etiraz aksiyalarını dəstəklədiyini bəyan edir. Hətta o, "böyük İran xalqı oyandı" kimi ifadələr işlədir.

İran rəhbərliyi buna kəskin reaksiya verib. Ali rəhbər Əli Xamneyi xalqa müraciətində düşmənin təxribatlarına uymamağa çağırıb. Eyni fikri Prezident Həsən Ruhani də ifadə edib. Belə görünür ki, İranla ABŞ və İsrail arasında siyasi-diplomatik savaş yeni səviyyəyə yüksəlməkdədir. Ekspertlər hadisələrdə Səudiyyə Ərəbistanının da əlinin olduğundan yazırlar. Bunun regionda nə kimi geosiyasi nəticələrə səbəb ola biləcəyi düşündürücüdür.

Lakin İranda insanların etiraz aksiyalarına başlaması səbəbləri də maraqlıdır. Yayılan rəsmi informasiyalara görə, Məşhəd şəhərində yumurtanın qiymətinin iki dəfə bahalaşmasına insanlar etiraz etməyə başlayıblar. Onlar, ümumiyyətlə, həyatın bahalaşması ilə razılaşmırlar. Bu faktorun iğtişaşların əsas səbəbi olması ilə razılaşmayanlar da vardır. Sosial-iqtisadi problemlər və inflyasiya İranda mövcuddur. Lakin etirazların əsasən indiki iqtidara səs verən kəsimdən gəlməsi diqqəti çəkir. Onlar yoxsul təbəqəyə aiddirlər. Belə anlaşılır ki, İranda həyat doğrudan da ağırlaşıb və insanlar artıq sözə deyil, konkret əmələ inanırlar. O da maraqlıdır ki, Prezident H.Ruhani Məşhəd hadisələrində etirazçıların haqlı olduğunu bildirmişdi. Lakin sonradan proseslər böyüdükdə və bir sıra radikal hərəkətlər olduqda dövlət başçısı xarici təsirdən danışdı.

Digər narahatlıq doğuran məsələ küçələrdə kütlənin ziyan verməsi və bəzi qrupların silah əldə etmək üçün polis bölmələrinə, ordu bazalarına hücum etməsi olub. Bu hadisələr zamanı 20-dən çox insan həlak olub. Ölənlər arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var. Bununla da etiraz aksiyalarında qan tökülüb və onun ictimai vəziyyətə təsiri ola bilər.

Yaranmış mənzərənin ümumi siyasi və geosiyasi səciyyəsinə gəldikdə, hər şeydən öncə qeyd etmək lazımdır ki, İranı Yaxın Şərq proseslərinin yeni mərhələsinə daha çox bağlamaq planı vardır. Tehranın İraq, Suriya, Yəmən və Livanda həyata keçirdiyi planlara qarşı İsrail-ABŞ cütlüyü hərəkətə keçib. Təl-Əviv bir neçə dəfə bəyan etmişdi ki, Tehran Yaxın Şərqdə qarışıqlıq yaradır, terrorçulara dəstək verir. İran xüsusi təyinatlılarının komandanı general Qasım Süleymaninin sistemli olaraq Yaxın Şərqdə hərbi əməliyyatlar keçirdiyindən bəhs edilir. Bəzi məlumatlara görə, İran bu əməliyyatlarda 10 minə yaxın itki verib. Yəni söhbət genişmiqyaslı planlardan gedir.

Məhz bu kimi planların nəticəsidir ki, Amerika Suriyada bir sıra hədəflərinə çata bilməyib və İran müəyyən dərəcədə hərbi-geosiyasi dividend əldə edib. Üstəlik, D.Tramp iddia edir ki, İran embarqonun aradan qaldırılmasından sonra əldə etdiyi maliyyə ilə Yaxın Şərqdə terrorçulara yardım göstərib. Nəticədə, həm İran xalqının sosial-iqtisadi vəziyyəti daha da ağırlaşıb, həm də regionda İsrail-ABŞ cütlüyünün maraqlarına ziyan dəyib.

Fərqli məqsədlər: iki düşərgə və üç ssenari

Təbii ki, Tehran situasiyanı tamamilə fərqli izah edir. İran rəhbərliyi düşmənlərin əsas məqsədinin dövlətçiliyi zəiflətməkdən və ölkədə qarşıdurma yaratmaqdan ibarət olduğunu bildirir. Qonşu Türkiyənin bu aspektdə İran hadisələrinə münasibəti maraq doğurur. Ankara İranda xalq etirazının kütlə iğtişaşlarına çevrilməsinin, güc yolu ilə İranda hakimiyyət dəyişikliyinin yolverilməz olduğunu vurğulayıb. Bütövlükdə Türkiyə İranda silahlı toqquşmaların başlamasını, küçələrdə vandalizmin törədilməsini qəti şəkildə pisləyib. Prezident Rəcəb Tayyib Ərdoğan həmkarı Həsən Ruhaniyə telefon edərək fikir mübadiləsi aparıb. Belə görünür ki, Türkiyə region dövlətlərinin maraqlarına üstünlük verməkdə davam edir, hər bir ölkənin suverenliyinin təmin edilməsinin tərəfdarıdır və bu məsələdə İran dövləti ilə ziddiyyət təşkil etmir. Onu da deyək ki, Türkiyədə terror yayılanda İran hakimiyyətindəki bəzi dairələr anti-Türkiyə məzmunlu bəyanatlar verdilər və bu ölkənin "yerlə-yeksan olacağı" haqqında hədyanlar danışdılar. İndi Ankara həmin dairələrə əsl qonşuluq dərsi verməkdədir ki, bu da bir daha onu sübut edir ki, bütövlükdə türk dövlətçiliyi təmkinli, hər şeyi ölçüb-biçəndir və qonşu dövlətlərin yaxşılığını arzulayır.