Ali Məhkəmə keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı ilə bağlı prokurorun protestini təmin etməyib


Sosial 09 Fev 2018 16:38:13 273 0

Ali Məhkəmə keçmiş arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı ilə bağlı prokurorun protestini təmin etməyib

Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Ali Məhkəmədə keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevin barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun protesti təmin edilməyib.

Qeyd edək ki, ittiham aktına əsasən, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb. İstintaq dövründə onun barəsində daha bir neçə maddə irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, S.Əliyevin 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası 19 ilə endirilib. Bundan başqa, S.Əliyevin adam öldürməyə cəhd maddəsləri Cinayət Məcəlləsinin (CM) 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə tövsif edilib. CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinə isə müddətin başa çatması ilə əlaqədar olaraq, xitam verilib.

Dövlət ittihamçısı daha sonra Ali Məhkəməyə müraciət edib. O, S.Əliyevin cəzasının artırılmasını tələb edib.