"Azərbaycan Kredit Bürosu" bütün zəruri lisenziyaları alıb


İqtisadiyyat 09 Fev 2018 15:37:45 305 0

"Azərbaycan Kredit Bürosu" bütün zəruri lisenziyaları alıb

Artıq bank və bank olmayan kredit təşkilatları ilə ikitərəfli müqavilələr də imzalanıb

“Azərbaycan Kredit Bürosu” MMC fəaliyyətə başlamaq üçün lazımi lisenziyaları əldə edib.

“Report” xəbər verir ki, bunu Büronun baş direktoru Elçin Həbibov deyib.

“Hazırda Büronun mərkəzi ofisinin, texniki platformasının formalaşdırılması prosesi gedir. Bank və bank olmayan kredit təşkilatları ilə ikitərəfli müqavilələr imzalanıb. Bu işlər yekunlaşandan sonra “Azərbaycan Kredit Bürosu” kredit məlumatlarının toplanmasına, təhlilinə başlayacaq”, - deyə o, qeyd edib.

E.Həbibovun sözlərinə görə, Büro Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) ilə müqayisədə daha keyfiyyətli xidmətlər göstərəcək. Üstəlik, onun məlumat dairəsi daha geniş olacaq: “Gələcəkdə Büroya məhkəmələrdə olan borc mübahisələri, eləcə də cərimələrlə bağlı məlumatların da ötürülməsi nəzərdə tutulub”.