"YAPın qurultayının qərarı Azərbaycan dövlətinin gələcək illərdəki inkişafına mühüm töhfələr verəcək"


Digərləri 09 Fev 2018 12:19:00 313 0

"YAPın qurultayının qərarı Azərbaycan dövlətinin gələcək illərdəki inkişafına mühüm töhfələr verəcək"

"Yeni Azərbaycan Partiyasının namizədi Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir. Hesab edirəm ki, 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində YAP-ın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə Yeni Azərbaycan Partiyasının VI qurultayının qərarı xalqımızın iradəsinə, arzu və istəyinə söykənərək Azərbaycan dövlətinin gələcək illərdəki inkişafına mühüm töhfələr verəcək".

Son.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. V.Rəhimzadə bildirib ki, Azərbaycanın son 14 ildə əldə etdiyi dünya miqyasında təqdir olunan uğurlar məhz Prezident İlham Əliyevin adı, onun uğurlu daxili və xarici siyasəti ilə bağlıdır. Onun sözlərinə görə, 2003-cü ildən bəri ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev verdiyi bütün vədlərə sadiq olub, dövlətimizin başçısının həyata keçirdiyi uzaqgörən, məqsədyönlü siyasət nəticəsində Azərbaycanda sabitlik və dayanıqlı inkişaf təmin edilib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun məntiqi nəticəsi kimi Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə söz və nüfuz sahibidir".

YAP Siyasi Şurasının üzvü əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu sosial-iqtisadi siyasət dövlətimizin qüdrətinin artmasını təmin edib, əhalinin maddi rifah halı daha da yaxşılaşıb: "Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara söykənərək dövlətimizin başçısı cənab İlham Əliyev qarşıdakı illər üçün prioritetləri açıqlayıb. Əsas hədəflər şaxələndirməni sürətləndirmək, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir. Bu hədəflər təbii ki, bugünkü reallıqlara əsaslanır. Məhz bu məqsədlərə çatmaq üçün "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, ayrı-ayrı istiqamətləri əhatə edən strateji yol xəritələri icra olunur".

"Prezident İlham Əliyev həmişə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz cənab Prezidentin fəaliyyətində bunun əyani təsdiqini görürük. Azərbaycanın bugünkü inkişafını təmin edən və gələcək tərəqqi üçün etibarlı zəmin yaradan əsas amillərdən biri də çoxşaxəli islahatların həyata keçirilməsidir. İslahatların dövrün tələblərinə uyğun aparılması xüsusi əhəmiyyətə malikdir. Çoxşaxəli islahatlar bütün sahələri əhatə edir, o cümlədən idarəetmə sistemi daha da təkmilləşdirilir. Ümumiyyətlə, Azərbaycanın idarəçilik sistemində yeniləşmə və təkmilləşmə son illərin mühüm uğurlarındandır", - deyə Vüqar Rəhimzadə vurğulayıb.