Azərbaycan Minsk qrupundan rəsmən Ermənistana təzyiq göstərilməsini tələb etdi


Siyasət 09 Fev 2018 12:09:28 346 0

Azərbaycan Minsk qrupundan rəsmən Ermənistana təzyiq göstərilməsini tələb etdi

"Minsk qrupunun həmsədrləri siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər".

"Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesinin resursları tükənməyib. Münaqişənin həlli regional əməkdaşlığın tam şəkildə formalaşmasına, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. İlk növbədə Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalana biləcəkdir. Bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində təsbit olunduğu kimi işğal faktına son qoyulmalı və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı məcburi köçkünlərin geri qayıtması təmin olunmalıdır".

Son.az xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa parlamentinin "Le Journal Du Parlement" jurnalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Ermənistanın bu gün bir tərəfdən işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən sülhdən danışması qeyri-ciddidir: "Nəhayət, Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməz və yolverilməzdir!"       

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin həlli istiqamətində səylərini dəstəkləyir, amma daha qəti və təsirli addımların atılmasına ehtiyac var: "Birgə səylərlə münaqişənin mərhələli şəkildə həllinin yol xəritəsi müəyyən olunub. Odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri mövqelərində davamlılıq göstərərək Ermənistanın danışıqları pozmasına imkan verməməli, siyasi-diplomatik təzyiqlər vasitəsilə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını təmin etməlidirlər. Bu halda danışıqların gedişində irəliləyişə nail olmaq mümkündür.

Hal-hazırda danışıqlar prosesində müəyyən intensivlik, konkret və məntiqi axar hiss olunur. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə bu istiqamətdə səyləri davam etdirəcəkdir. İşğala və bir milyondan artıq vətəndaşı etnik təmizləməyə məruz qalmış tərəf kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf Azərbaycandır".

Müsahibənin fransızca olan tam mətnini bu elektron ünvandan  oxumaq olar - http://lejournalduparlement.fr/politique/lazerbaidjan-pont-entre-civilisations

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində