Bişkekdə Qara Qarayevin 100 illik yubileyi qeyd olunub


Digərləri 09 Fev 2018 11:04:41 180 0

Bişkekdə Qara Qarayevin 100 illik yubileyi qeyd olunub

Qala-konsertdə populyar opera solistləri iştirak ediblər

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə yubiley gecəsi və qala-konsert keçirib. 

Səfirlikdən "Report"a verilən məlumata görə, yubiley gecəsində Qırğız Respublikasının hökumətinin üzvləri, deputatlar, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri, görkəmli ziyalılar - elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri və soydaşlarımız iştirak ediblər. 

Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrının direktoru, əməkdar mədəniyyət xadimi Bolotbek Osmonov tədbiri açaraq, dahi bəstəkar Qara Qarayevin yubileyinin rəhbərlik etdiyi teatrda keçirilməsinə görə şad olduğunu bildirib. O, dahi bəstəkarın bütün dünyada olduğu kimi, Qırğız Respublikasında da çox sevildiyini, yubiley tədbirinə maraq və 800 nəfərlik zalın tamamilə anşlaqı Qara Qarayevə olan məhəbbət ilə bağlı olduğunu qeyd edib. 

Sonra Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm nazirinin müavini Aynura Temirbekova çıxış edib. 

A.Temirbekova növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinə və son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə Azərbaycanın Qırğız Respublikasındakı səfirliyinə təşəkkürünü bildirib. Nazir müavini Qara Qarayev sənətinin özünəməxsus təkrarsız xüsusiyyətlərindən, böyük bəstəkarın Qırğız Respublikasında da istedadlı tələbələrinin olduğundan danışıb. 

Sonra Azərbaycanın Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov çıxış edib. Səfir dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyi yubileyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin oktyabr ayının 17-də imzaladığı sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıraraq qeyd edib ki, bu möhtəşəm yubiley Azərbaycandan kənarda da qeyd edilir.

Səfir son illərdə həm Azərbaycanda, həm də Qırğız Respublikasında bir çox vacib tədbirlərin keçirildiyini qeyd edib, qısa müddət ərzində iki ölkə və qardaş xalq arasında əməkdaşlığın dərinləşməsi və möhkəmlənməsi, genişlənməsi, sonrakı inkişafı üçün möhkəm təməllər qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Diplomat bildirib ki, bu müddət ərzində iki ölkə arasında mədəni mübadilə gücləndirilib. O, belə tədbirlərin təşkil olunmasını iki qardaş xalqı daha da yaxınlaşdırdığı vurğulayıb. 

Səfir Hidayət Orucov Qara Qarayevin SSRİ-nin ən yüksək fəxri adlarla, mükafatlarla təltif olunduğunu, onun sənətinin bu fəxri adların və mükafatların hamısından daha da yüksək olduğunu vurğulayıb. 

Sonra qala-konsert keçirilib. Mərasimdə populyar opera solistləri iştirak ediblər.