Zeynəb Xanlarovanın zəng etdiyi, İlqar Mikayıloğlunun əsəbləşdiyi, Tolikin hədələdiyi operatorlar - REPORTAJ


Sosial 09 Fev 2018 09:22:11 263 0

Zeynəb Xanlarovanın zəng etdiyi, İlqar Mikayıloğlunun əsəbləşdiyi, Tolikin hədələdiyi operatorlar - REPORTAJ

199 saylı “Çağrı mərkəzi”nin operatoru: “Abonentlərin sönən işığının yanması bizi sevindirir”

“Tez olun, işığımı yandırın!”, “İşığımı yandırmasaz, sizi biabır edəcəm!”, “Bayram, istirahət günü də adamın işığını söndürərlər?!”, “Mənə işıq verin!” – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 199 saylı “Çağrı mərkəzi”nə gün ərzində daxil olan yüzlərlə zəngin içərisində belələri də olur.

İnsanlar işıqları sönəndə “qaynar xətt”ə zəng edirlər, çox vaxt da problemin səbəbkarı kimi telefon xəttinin digər tərəfindən səsi gələn şəxsi günahlandırırlar. Amma sən demə telefona cavab verən bu şəxslər “işığın sönüb-yanmasına səbəb olan düymə”nin yanında oturmayıblar, onlar mərkəzin operator işçiləridir.

Beləliklə, “Report”un əməkdaşlarının “Azərişıq” ASC-nin yaranma günü ərəfəsində (ASC 2015-ci ilin fevral ayının 10-da yaradılıb) qurumun “Çağrı mərkəzi”ndən hazırladığı reportajı təqdim edirk.

Özünə əziyyət verməmək üçün zəng edənlər

Bakının Alatava yaşayış massivində yerləşən mərkəzdə 45 nəfər operator işləyir. “Çağrı mərkəzi”ndə iki şöbə var: məlumat mərkəzi və qəza xidməti.

Məlumat mərkəzində SMART sayğaclar, abonentin borcunun, aktının olub-olmaması, texniki şərti necə almaq olar və s. bütün məlumatlarla bağlı müraciətlərə cavab verilir. Hətta bəzi abonentlər sayğaca baxmağa tənbəllik edərək, balansını da “Çağrı mərkəzi”nə zəng edib soruşurlar.

Qəza xidməti isə Bakı ərazisində baş verən bütün elektrik qəzaları haqqında məlumat əldə edir və həmin məlumatları abonentlərə ötürür.

Mərkəz 24 saat fəaliyyət göstərir. İşçilər növbəli iş rejimində çalışırlar. Mərkəzdə 4 növbə var, hər növbədə 10 operator, 1 baş operator olur.

Baş operatorun əsas vəzifəsi abonentlərdən daxil olan şikayətləri araşdırmaqdır. O, operatorlara daxil olan müraciətləri lazım olan şəbəkələrə ötürür, cavabları toplayır və operatorlara geri ötürür, operatorlar isə abonentləri məlumatlandırır. Proseslərin hamısı elektron sistemlə aparılır.

Abonentlərin sayı çoxalır

Baş operator Sədaqət Nəsirovanın dediyinə görə, gün ərzində mərkəzə çoxlu sayda zənglər daxil olur. Orta statistikaya görə, operatorlar gün ərzində 200-300 nəfərin suallarını cavablandırırlar. Onu da deyək ki, hər hansı qəza baş verən ərazidən gələn yüzlərlə zəngin hamısı bir müraciət kimi qeydə alınır.

S.Nəsirova 1996-cı ildən bu sahədə çalışır. 2003-cü ildən isə “Çağrı Mərkəzi”ndə fəaliyyətini davam etdirməyə başlayıb. 22 illik təcrübəsi olan bu xanımın sözlərinə görə, günü-gündən “Azərişıq” ASC-nin abonentlərinin sayı çoxalır. “Çağrı mərkəzi”nə müraciətlərin sayı isə abonentlərin sayına tərs mütənasib olaraq ildən-ilə azalır. Bunun səbəbi texnoloji yeniliklərin tətbiqi, elektrik ötürücü xəttlərin yenilənməsi, müasir SCADA sistemlinin, yeni avadanlıqların quraşdırılmasıdır.

Zənglər əsasən texnoloji yeniliklər tətbiq olunanda çoxalır. Məsələn, SMART və SMS tipi sayğaclar tətbiq olunanda mərkəzə gələn müraciətlərin sayı çoxalıbmış.

İndi isə müraciətlər daha çox Xırdalan şəhəri, Qobu və Masazır qəsəbəsindən daxil olur. Həmin ərazilər “Azərişıq” ASC-nin tərkibinə keçdikdən sonra ərazidə yenidənqurma işləri aparılır, hələ ki, işlər bitməyib, bu səbəbdən də müəyən problemlər qalmaqdadır.

Qarğışdan alqışa

Baş operator deyir ki, qışda zənglər daha çox olur. Təbii ki, bu da hava şəraiti ilə bağlıdır. Bəzən abonentlər mərkəzə şikayət üçün zəng edib operatorla danışdığı vaxt işıqları yanır ki, bu hadisə də Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsərindəki “dərviş Parisi partlatdı” səhnəsini xatırladır. Bu təsadüf əksər abonentlərdə elə təəssürat yaradır ki, işığı yandırıb-söndürmək işinə operatorlar baxır, onların əlinin altında işığı idarə edən düymə var.

Operatorlar deyir ki, hətta əsəbi, qışqıra-qışqıra zəng edən abonent işığı yanan kimi səs tonunu dəyişir, necə deyərlər qarğışdan birbaşa alqışa keçir.

Narazılar

“Çağrı Mərkəzi”ndən narazı olanların sayı az deyil. Abonentlər çox vaxt şikayət edirlər ki, “Qaynar xəttə cavab verən yoxdur”, “Qaynar xətt sanki elə-belə qoyulub”, “Hər gün məşğul olur”, “4 gündü zəng edirəm, cavab yoxdur”, Qaynar xətt adamı daha da hirsləndirir”.

Operatorlar isə “Yeganə işimiz telefonları cavablandırmaqdır. Necə ola bilər ki, telefonu götürməyək?!”, - deyirlər.

Bəs onda əhali "Qaynar xətt" operatorlarından niyə bu qədər şikayətlənir?

Operatorlar deyir ki, xətlərin bəzi hallarda məşğul olmasının səbəbləri müxtəlifdir: "Məsələn, eyni vaxtda çox zəng gələndə xətdə yüklənmə olur, bəzən isə hansısa abonentin soruşduğu informasiyaya cavab vermək uzun zaman alır deyə xəttlər məşğul göstərir".

Statistikaya gəldikdə, 2016-cı ilin dekabrın 1-dən bu il yanvarın ortasınadək 31 192 zəng gəlib. Hələ bu qeydiyyata alınan zənglərdi. Yəni, real rəqəmin bəlkə də üçdə biridir.

“Abonentlərin sönən işığının yanması bizi sevindirir”

Operator Zemfira Əliyeva son illərdə elektron sistemə keçiddən sonra zənglərin qeydiyyata alınmasından razıdır, deyir belə daha yaxşıdır, danışıqları ilə bağlı hansısa şikayət olanda nəyisə izah etməyə ehtiyac qalmır, səslər dinlənilir və hər şey aydın olur.

Operator İlahə Mikayılova isə onların da adi abonent olduqlarını deyir: "Kiminsə işığı yanmayanda biz də narahat oluruq, abonentlərin işığının yanması xəbəri isə bizi həmişə sevindirir, üzümüzü güldürür. Xüsusən də istirahət və bayram günlərində kiminsə işığının sönməsi bizləri də şikayətçi abonetlər qədər narahat edir".

Regionlardan gələn müraciətlər

Mərkəzə müvafiq olmayanlar zənglər də daxil olur. Məsələn, zəng edib “Azərsu” ASC və “Azərqaz” İstehsalat Birliyinə düşə bilmədiklərini deyirlər, kömək istəyirlər. Elə abonentlər var ki, zəng edir, kodunu bilmir, bəzən ünvanını doğru deməyənlər də olur. Amma operatorlar istənilən halda onlara kömək etməyə çalışdıqlarını deyirlər. Ad-soyad, telefon nömrəsi, ünvanın hər hansı birini deməklə abonentin şəxsi səhifəsini açıb, onun sualına cavablandırmaq olur.

Regionlarda yaranan problemlə əlaqədar da “Çağrı Mərkəzi”nə zəng edənlər olur. Rayonlarda işıqla bağlı yaranan problemlərə isə Regional Enerji Təchizatı və Satış idarələri baxır.

Tanınmış və əsəbi abonentlər: “Məni çox istəməyin, mənə işıq verin”

“Çağrı Mərkəzi”nə tanınmışlar, məşhurlar, rəsmilərdən də abonent qismində zəng edənlər olur. Məsələn, bura zəng edən tanınmış şəxslərin içərisində millət vəkili, xalq artisti Zeynəb Xanlarova, xalq artistləri Əminə Yusifqızı, Zülfiyyə Xanbabayeva, Cəfər Namiq Kamal, tanınmış meyxanaçı Namiq Qaraçuxurlu, tanınmış aparıcı İlqar Mikayıloğlu, tanınmış prodüsser Tarix Əliyev (Tolik) və başqalarının adı var.

Bütün operatorlar bir ağızdan Cəfər Namiq Kamaldan razılıq edirdilər. O da işığının sönməsi ilə bağlı müraciətlə mərkəzə zəng edibmiş, işığı yanandan sonra təşəkkür üçün yenidən zəng vurub və “Çağrı Mərkəzi” bütün növbədə olan heyətini Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq, özünün də çıxış etdiyi "Qatarın altına atılan qadın" tamaşasına dəvət edib. Növbədə olan kollektiv teatra gedərək tamaşaya baxıb, işin gərginliyindən uzaqlaşaraq istirahət ediblər. İndi də bunu xoş xatirə kimi danışırlar.

Toliklə İlqar Mikayıloğlu isə əsəbi abonentlər sırasındadır. Tolik operatorlara əmr edib ki, tez onun işığını yandırsınlar. Hətta onları “Tez olun işığımı yandırın, yandırmasaz sizi saytlarda biabır edəcəm” – deyə hədələyib də...

İlqar Mikayıloğlunun isə işığı borca görə kəsilibmiş. Buna əsəbləşən aparıcı “Çağrı Mərkəzi”nə zəng edərək, operatorları acılayıb. Telefon xəttinin qarşı tərəfində “Biz sizi tanıyırıq, sizi çox istəyirik” deyə cavab verən operatora isə aparıcının cavabı “Lazım deyil, məni çox istəməyin, mənə işıq verin” olub.

Foto: Firi Səlim